Accessibility links

Ombudsmanın nümayəndələri Söyüdlü kəndinin həbsdə olan sakinləri ilə görüşüb


Gədəbəy rayonunun Söyüdlü kəndi
Gədəbəy rayonunun Söyüdlü kəndi

Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinədə Söyüdlü kəndində baş vermiş hadisə zamanı saxlanılan şəxslərlə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, başçəkmə zamanı saxlanılan şəxslər, o cümlədən rayonun Söyüdlü kəndində baş vermiş hadisə zamanı saxlanılmış və inzibati qaydada həbs edilmiş 5 nəfər şəxs də konfidensial qaydada qəbul edilb, hər birinin müraciətləri yerində dinlənilib.

“Qəbul edilmiş şəxslərin hər biri fərdi qaydada vizual müayinə olunub, onlarla rəftardan, qida təminatından, saxlanma şəraitindən şikayətləri olmadığını bildiriblər, məsələyə dərhal reaksiya verərək hüquqlarının təminini diqqətdə saxladığına görə Ombudsmana təşəkkür ediblər. Saxlanılan şəxslərə hüquqları izah edilib, barələrində olan məhkəmə qərarları ilə bağlı müraciətləri üzrə hər birinə hüquqi məsləhət verilib”, məlumatda qeyd edilir.

Kənd sakinləri Amerikanın Səsinə deyib ki, ailələrinin həbs edilən şəxslərlə əlaqə saxlaması mümkün deyil: “Bu səbəbdən onların vəziyyəti ilə bağlı məlumatımız yoxdur. Ancaq bilirik ki, həbs edilən Zahid Zeynalovun xəsarətləri var idi”.

Bununla yanaşı şahidlər iyunun 22-də daha üç nəfər kənd sakininin saxlanıldığını deyib. Onlar saxlanıldığı deyilən şəxslərin yalnız adlarını (Dostum, Şöhrət, Salman Qurban oğlu) sadalayıblar.

Gədəbəy rayonunun Söyüdlü kəndi
Gədəbəy rayonunun Söyüdlü kəndi

Gədəbəy rayon İcra Hakimiyyətinin Söyüdlü inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nahid Allahverdiyev Amerikanın Səsinə bildirib ki, hazırda Söyüdlü kəndində sakitlikdir. “Kənd cammatı təsərrüfat işləri ilə məşğuldir”, o qeyd edib.

Hökumət komissiyasının işi ilə bağlı suala Allahverdiyev cavab verməyib. “Komissiya öz qərarını verəcək. Mənim komissiyanın işi ilə bağlı məlumatım yoxdur”, o qeyd edib. O daha 3 nəfər kənd sakininin saxlanılması ilə bağlı məlumata malik olmadığını deyib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölgə üzrə baş inspektoru Eşqin Qasımov Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Gədəbəy rayon Polis şöbəsi tərəfindən Söyüdlü kəndindən yeni saxlanılma halları olmayıb.

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

"Anglo Asian Mining" şirkəti 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

XS
SM
MD
LG