Accessibility links

Gədəbəydə etiraz aksiyası davam etdirilib - rəsmi və müxalif baxışlar


Gədəbəyin Söyüdül kənidndə etiraz aksiyası
Gədəbəyin Söyüdül kənidndə etiraz aksiyası

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 21-də növbəti etiraz aksiyası keçirilib. Sakinlər "Kür çayı zəhərlənir!", "Düşmən qıra bilmədiyi milləti zavod sənayesi məhv edir!", "Şəmkir su anbarı zəhərlənir!", "Təbiətin səsi çıxmır, çünki təbiət ölür!" və başqa şüarlar qaldırıblar. Aksiya iştirakçıları iyunun 20-də aksiyadan sonra saxlanılan sakinlərin azadlığa buraxılmasını tələb ediblər.

Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, aksiya iştirakçıları dünən polislə qarşıdurma zamanı insanlara qarşı güc tətdbi edilməsini pisləyib.

Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar
Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar

"Belimdə yırtıq var, cərrahi əməliyyatdan çıxmışam. Məni itələdilər yerdə qaldım. Qaz sıxdılar, nəfəs ala bilmirdik. Amma yenə deyəcəm. Torpağımı tələb edirəm, haqqımı tələb edirəm", aksiya iştirakçılarından biri Amerikanın Səsinə deyib.

Etirazçıların qarşısına Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxıb.

Mürsəlov bildirib ki, dövlətin bir nömrəli məqsədi insanların sağlamlığını və təhlükəsizliyini qorumaqdır.

"Buna heç kimin şübhəsi ola bilməz. Əfusular olsun ki, bu məsələlərlə bağlı bizim əhali məlumatsızdır. Kimlərsə sakinlərə düzgün olmayanı izah etməyə, düzgün olmayan istiqamətə yönəltməyə çalışır. Mən rayon icra hakimiyyətinin başçısı, cənab prezidentin səlahiyyətli nümayəndəsi olaraq burada sizin sağlamlığınızın, təhlükəsizliyinizin təminatını həyata keçirən şəxsəm. Mənim bir nömrəli tapşırığım ondan ibarətdir ki, bizim insanlarımızın sağlamlığı qorunsun. Siz çıxırsınız ərazidə 11 ildir fəaliyyət göstərən gölün fəaliyyətinə maneçilik tərətməyə. Ərazidə işlər görülür. O göl dünən yaradılmayıb. Göl orada 11 ildir var. Gəlin buna mütəxəssislərin rəy verməsinə icazə verək".

Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl
Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl

O deyib ki, insanların narazılığı mövcud gölün sağlamlığa zərərli olması ilə bağlıdır.

"Biz və bütün aidiyyatı dövlət qurumları bu məsələni çox ciddi nəzarətdə saxlayırıq. İnid komissiya yaradılacaq. Məsələlər yerində araşdırılacaq. Bu göl 11 ildir var, qanuni əsasda fəaliyyət göstərir və bizim sağlamlığımıza, sosial vəziyyətimizə problem yaranmayıb. Kəndin 3567 nəfətr sakini var, onlardan 117 nəfəri burada zavodda işləyir", o qeyd edib.

Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl
Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl

Bu zaman sakinlər narazılıq edərək deyib ki, göl sağlamlıqlarına təhlükə törədir və sakinlərin əvvəllər də narazılıqları olub. Hətta etirazçılardan biri deyib ki, xəstliyi ilə bağlı sənədləri var. Daha bir sakin deyib ki, kəndə göl qurulandan sonra on nəfərdən çox insan xərçəng xəstəliyindən vəfat edib. Uşaqlar raxit doğulur.

Sakinlərdən digəri isə deyib ki, heç bir günahı olmadığı halda onu iyunun 20-də polis saxlayıb.

"Məhkəmə etdilər 5 nəfər kənd sakininə 20 sutka inzibati həbs verdilər. Məni də hakim yaşım çox olduğundan 1500 manat cərimə etdi. Deyirəm möhtərəm hakim mənim günahım nədir, kimə müqavimət göstərmişəm, hansı təxribat aparmışam. Mənim günahımı de. Məni də həbs et, çünki 200 manat pensiya alıram 1500 manat cəriməni ödəyə bilməyəcəm", o qeyd edib.

Bu zaman İcra hakimiyyəti başçısı cavab verib ki, Azərbaycanda insanlar hüquqi dövlətdə yaşayır.

"Heç kim bu hüquqlardan kənarda fəaliyyət göstərə bilməz. Hər birimizin məsuliyyətimiz hüquqlarımızla məhdudlaşır. Sual yaranır ki, vətəndaş niyə qanunsuz şəkildə əraziyə çıxıb? Sərbəst toplaşmaq azadlığı qanunla nizamlanır", o qeyd edib.

Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar
Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar

Sakinlər dəfələrlə icra hakimiyəti başçısının dediklərinə etiraz edib və insanların döyülməsinin, gözyaşardığı qaz istifadəsinin qanuni olub-olmamasını sual edib.

Daha sonra örüş torpaqlarının çatışmazılığı və onların əhalinin əlindən alınması iddiası ilə bağlı icra hakimiyyəti başçısı bildirib ki, rayonda yetərincə örüş sahəsi var və əhali həmin torpaqlardan istifadə edir.

Gölün fəaliyyətinə gəldikdə isə o qeyd edib ki, fəaliyyəti bitdikdən sonra torpaqlar rekultivasiya olunacaq və əvvəlki vəziyyətə gətirilərək sakinlərə qaytarılacaq. Lakin fəaliyyətin nə vaxt bitməsi ilə bağlı icra hakimiyyəti başçısı konkret müddət göstərməyib.

Gədəbəyin Söyüdül kənidndə etirazçıların qarşısında polis
Gədəbəyin Söyüdül kənidndə etirazçıların qarşısında polis

Daha sonra 15 nəfər kənd sakini icra hakimiyyəti başçısı ilə birlikdə İcra Hakimiyyətinə qəbula qedib.

Gədbəydə baş verənlər ictimai mühitdə və sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə yol açıb.

Əli Kərimli
Əli Kərimli

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sual edib ki, nənəsi yaşında qadınların gözünə bibər qazı sıxan bu adamlar yəni doğrudanmı bu millətin övladlarıdır?

"Bəlkə onları muzdlu kimi haradansa gətiriblər? Bəs bu əmri verənlər? Onlar yaşlı nənələrin üzərinə ordu yeritməyə heçmi utanmayıblar? Bu şəkildə ölkəni hara aparırlar? Xalqına, dinc insanlara qəddarlıqla divan tutan onlarla diktatorun acınacaqlı sonluğundan heçmi nəticə çıxarmayıblar? Gədəbəy rayonunun Söyüdlü kəndinin bu dinc sakinləri hansı dəhşətli "cinayəti" törədibmiş ki, rejim bu qədər qəzəblənib?

Məlum olur ki, Söyüdlü camaatı cəsarət edib İlham Əliyevin qızıl biznesinə etiraz edib. Daha doğrusu, heç qızıl biznesinə də yox, qızıl mədənlərinin zəhərli tullantıları üçün süni göllərin yaradılmasına etiraz edirmişlər. Söyüdlü camaatı cənnət Gədəbəyin təbiətinin cəhənnəmə çevrilməsinə etiraz edib və rejim onlarla "xalq düşmənləri" kimi davranıb. Bir daha gördünüzmü ki, bu rejimdən xilas olmaq ümummilli vəzifədir?" o qeyd edib.

İlqar Məmmədov
İlqar Məmmədov

Respublikaçı Alternativ- REAL Partiyasının sədri İlqar Məmmədov bildirib ki, planetin iqlimini korlayan qaz həqiqətən varsa, o heç də Gədəbəydə yerli kəndlilərin gözünə püskürdülən yaşardıcı qaz deyil.

"Bugünkü hadisələr bir daha sübit edir: REAL partiyasının təklif etdiyi güclü bələdiyyə hakimiyyəti olmadan biznes layihələri ancaq monopoliyaların xeyrinə və ölkə üçün sosial-iqtisadi səmərəsiz şəkildə yerinə yetiriləcək. Son parlament seçkilərində Gədəbəyin Söyüdlü kəndində səsverməyə 571 sakin gəlib və onların 63 faizi iqtidarda olan Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Sevinc Hüseynovaya səs verib. Əziz Söyüdlü və digər kənd və şəhərlərin sakinləri! Bir daha belə şey yapmayın. REAL partiyasına səs verin ki, sizi dövlətin mümkün qədər çox imkanlarından istifadə edərək bu cür özbaşınalıqdan qoruya bilək. YAP bu qorumanı təmin etməyib və heç vaxt etməyəcək", o Telegram kanalında yazıb.

Cəmil Həsənli-Demokratik Qüvvələrin Milli Şurasının sədri
Cəmil Həsənli-Demokratik Qüvvələrin Milli Şurasının sədri

Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir ki, Söyüdlüdə "baş verən vəhşiliyin səbəbkarı hakim ailədir".

"Əlbəttə, Söyüdlü vəhşiliyi, Söyüdlü qəddarlığı, Söyüdlü qanunsuzluğu polis nəfərinə dayanan vəhşilik deyil. Belə vəhşiliyə görə Daxili İşlər Naziri nəinki vəzifəsini, xidməti rütbəsini də təhvil verməlidir. Heç bir günah sahibi olmayan yaşlı Azərbaycan analarına dəyənək qaldırılıb, qaz bombasından istifadə edilib, ananın sifətinə qaz fısqirdılıb, bir kəndin əhalisi təhqir edilib, alçaldılıb. Saatlı, Daşkəsən, Gədəbəy, görən növbədə daha hansı rayonlar olacaq", Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb.

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Gədəbəydə dinc etiraz aksiyası keçirən, aksiya yerini polisin tələbi ilə tərk edən qadınlara qarşı "bibər qazının tədbiq edilməsi vəhşilikdir".

"Bu hadisəni törədənlər dərhal müəyyənləşdirilərək cəzalandırılmalı, bu barədə xalqa ətraflı məlumat verilməlidir", o qeyd edib.

Elşad Hacıyev
Elşad Hacıyev

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı iki aydır rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılır.

"Bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslərin müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıb. Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək", o qeyd edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb.

Nazirlər Kabinetinin mətbuat xidməti bildirir ki, komissiya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini aparacaq, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin edəcək.

XS
SM
MD
LG