Accessibility links

Söyüdlü kəndindəki etirazları işıqlandıran jurnalist 5 saat polis idarəsində saxlanılıb


Elməddin Şamilzadə
Elməddin Şamilzadə

İyunun 23-də Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələri işıqlandıran müstəqil jurnalist Elməddin Şamilzadə polis tərəfindən saxlanılıb və 5 saat sonra sərbəst buraxılıb.

O bildirib ki, evinin ətrafında saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparılıb. Jurnalistin sözlərinə görə, onu daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar və profilaktik söhbət aparılandan sonra sərbəst buraxıblar.

Bir neçə gün öncə Elməddin Şamilzadə Gədəbəy rayonunun Söyüdlü kəndində əməliyyat aparan polislərin maskasız, üzlərinin açıq formada göründüyü videosunu yayıb. Daha sonra o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ona zəng gəldiyi haqqında məlumat verib.

İyunun 22-də 30 sutka inzibati həbs cəzası alan ictimai fəal Qiyas İbrahimov aclıq aksiyasına başlayıb. İbrahimov Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclığa başladığını bəyan edib. Fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internetdə qadağan edilən informasiyanın yerləşdirilməsi) və 535-ci (polis işçisinə tabe olmama) maddələri ilə ittiham olunub. O, həbsindən bir neçə saat öncə Facebook hesabında Gədəbəyin Söyüdlü kəndində polisin əhaliyə qarşı davranışı haqda rəy paylaşmışdı.

İyunun 21-də axşam saatlarında NİDA Vətəndaş Hərəkatının fəalı Elmir Abbasov da saxlanılıb. O, iyunun 22-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alıb. Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin müvafiq əmrinə tabe olmamaq) ilə ittiham olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Abbasovun ictimai asayişin pozulması ilə əlaqədar saxlanıldığını vurğulasa da, hərəkatın üzvləri onun Facebook sosial şəbəkəsində Gədəbəyin Söyüdlü kəndindəki etiraza göstərdiyi reaksiyaya görə polisi tənqid etdiyi üçün saxlanıldığını deyirlər.

İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub.

XS
SM
MD
LG