Accessibility links

Söyüdlü qızıl mədənində işlər müvəqqəti olaraq dayandırılıb


Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar (Arxiv foto. Mənbə: VOA)
Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar (Arxiv foto. Mənbə: VOA)

Azərbaycanın Baş naziri Əli Əsədov Gədəbəy rayonun Söyüdlü kəndində təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq Böyük Britaniyanın "Anglo Asian Mining"​ şirkətinin qızıl mədənində fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu barədə iyulun 13-də Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclasında bildirib.

Əsədov deyib ki, Prezident İlham Əliyev iyulun 11-də müşavirədə Söyüdlü kəndində iyunun 20-də yaranmış narahatedici və xoşagəlməz hadisə ilə əlaqədar monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üzrə Komissiyanın fəaliyyətinə dair iradlar bildirərək müvafiq tapşırıqlar verib.

Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb.

“Nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib. Baş nazir icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonası müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarların çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması, digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib”, Nazirlər Kabinetinin məlumatında deyilir.

Baş nazir bildirib ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət olunub və onun yaxın günlərdə ölkəyə səfəri gözlənilir.

“Bu şirkət tərəfindən ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələləri qiymətləndiriləcək. Cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər. Ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir. Bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalıdır, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir”.

Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilməsi, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çərçivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Komissiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır. Eyni zamanda Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi və kənd əhalisinin, o cümlədən müəssisədə çalışan əməkdaşların vaxtaşırı dispanzerizasiya olunmalarının təmin edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə göstəriş verilib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, Söyüdlü kəndi və müəssisə ətrafında yerləşən yaşayış məntəqələrində müvafiq müayinələr və monitorinqlər aparılır.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki, Söyüdlü kəndində və ətraf ərazilərdə heyvan sağlamlığı, arıçılıq, bitkiçilik, bitki mühafizəsi və torpaq münbitliyi sahələrində monitorinqlər həyata keçirilib, kompleks müşahidələr aparılıb, örüş-otlaq sahələrinin və təsərrüfatların mövcud vəziyyəti qiymətləndirilib.

Baş nazir aparılan monitorinqlərin daha da sərtləşdirilməsi və mütəmadi qaydada keçirilməsinin vacibliyini bildirib.

Əsədov Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib, kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin WhatsApp şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də, sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining"​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

Mövzuya uyğun

XS
SM
MD
LG