Accessibility links

Söyüdlü kəndi ətrafında polis postları qalır və monitorinqlər davam etdirilir


Söyüdlü kəndinin girişrində polsi postu (Arxiv foto. Mənbə: VOA)
Söyüdlü kəndinin girişrində polsi postu (Arxiv foto. Mənbə: VOA)

Gədəbəy rayonunun Söyüdlü kəndinin ətraf yollarında polis postları qalmaqdadır. Hökumət komissiyası isə monitorinqləri davam etdirir.

“Polislər yalnız kənd sakinlərini kəndə buraxır. Sənədlrərimizi yoxladıqdan sonra kəndə daxil ola bilirik”, adının çəkilməsini istəməyən kənd sakini Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, kəndin daxilində polislər yoxdur və son günlər yeni həbslər olmayıb.

“Əvvəlki günlərdə həbs edilən on nəfərdən isə heç kim hələ azadlığa buraxılmayıb”, o qeyd edib.

Sakinin sözlərinə görə, qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə ətrafında işlər dayandırılmayıb.

“Oradakı texnikalar əvvəlki kimi işlərini davam etdirir”.

Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl
Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl

Hökumət komissiyasına gəlincə, komissiya üzvləri hər gün kəndə gəlib müəyyən işlər gördükdən sonra günün sonunda gedirlər.

“Komissiya üzvləri bizim etirazımızı dərindən araşdırmaq üçün gölün sahilində çadır qurub bir neçə həftə orada qalmalıdır. Bunu isə etmirlər”, sakin qeyd edib.

Öz növbəsində polis orqanlarından Söyüdlü kəndi ətrafındakı durumla bağlı hələ məlumat almaq mümkün olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hökumət komissiyası bayram günləri də daxil olmaqa Söyüdlü kəndində işlərini davam etdirib.

“Mütəxəssislər hazırda da kənd ərazisində monitorinqləri davam etdirir. Torpaqdan, sudan, havadan analizlər aparılması üçün nümunələr götürülür”, Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Amerikanın Səsinə deyib.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin vatsap şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

Söyüdlü kəndində göl
Söyüdlü kəndində göl

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

Anglo Asian Mining” şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

Anglo Asian Mining”​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

Mövzuya uyğun

XS
SM
MD
LG