İyunun 26-da Nizami Rayon Məhkəməsinin qərarı ilə 32 sutka inzibati həbs cəzası alan ictimai fəal Qiyas İbrahimov aclıq aksiyasını dayandırıb. Bu barədə fəalın anası Şura Əmiraslanova Amerikanın Səsinə məlumat verib.
Əmiraslanovanın sözlərinə görə, oğlunun səhhəti yaxşılaşmağa doğru gedir: "Bu gün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində Qiyasla görüşdüm. İndi nisbətən yaxşı idi. Aclığı dayandırıb, artıq qida və maye qəbuluna başladığını dedi".
İyunun 25-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Qiyas İbrahimov məhkəməyə gətirilərkən huşunu itirib. Fəal iyunun 22-dən quru aclıq aksiyası keçirirdi. İbrahimov Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclığa başladığını bəyan etmişdi.
Qiyas İbrahimova Nizami Rayon Məhkəməsinin qərarı ilə iyunun 22-də İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra iyunun 24-də İXM-in 388-1.1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə daha 30 sutka inzibati həbs cəzası kəsilib. Beləliklə, ümumi cəza 32 sutkaya qalxıb.
İyunun 25-də Nizami Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. 1 etirazçı isə 1500 manat cərimə olunub.