İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan parlamentinin keçmiş deputatı, ictimai fəal Nazim Bəydəmirlinin Nərimanov Rayon Məhkəməsinin barəsində seçdiyi həbs qətimkan tədbiri qərarından verdiyi şikayəti təmin etməyib.
Vəkil Aqil Layıcın Amerikanın Səsinə bildirib ki, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Nəticə olaraq şəxs bu cinayəti törətməyib. Onun həbsinin əsl səbəbi bu deyil. Həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas mövcud deyil. Onun cəmiyyətdən təcrid edilməsinə lüzum yox idi. Təəssüf edirik”, o qeyd edib.
Vəkilin sözlərinə görə, Nazim Bəydəmirli məhkəmə prosesində iştirak edib.
“Özü iştirak edirdi. Lazımı mesajlar da verdi. Dedi ki, onun ictimai çıxışları kimlərinsə xətrinə dəyibsə həmin adamlardan üzr istəməyə, hətta yazılı üzr istəməyə hazırdır. Yox əgər onun həbsinin səbəbi həmin payla (səhmdarı olduğu qurum nəzərdə tutulur-red) bağlıdırsa, o payını istənilən şəxsə bağışlamağa hazırdır”, vəkil bildirib.
Öz növbəsində Amerikanın Səsinin qarşı tərəfdən şərh almaq cəhdi baş tutmayıb.
Vəkil ev dustaqlığı ilə bağlı da məhkəməyə müraciət edəcəyini istisna etməyib.
Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Keçmiş deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Öz növbəsində hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, keçmiş deputatın həbsi siyasi xarakterlidir.
“Əslində Nazim bəyin həbs ediləcəyi ilə bağlı bizdə narahatçılıq var idi. Bir neçə gün öncə hakimiyyətin nəzarətində olan media qurumları Nazim Bəydəmirli barəsində şərləmə kampaniyasına start vermişdilər. Onu Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərə bağlamaq istəyirdilər”, o qeyd edib.
O hesab edir ki, keçmiş deputata qarşı irəli sürülən ittiham saxtadır.
“Hesab edirəm ki, bu Nazim Bəydəmirlinin ictimai siyasi və iqtisadi fəaliyyəti ilə bağlıdır. Şübhəsiz ki, "Müdafiə Xətti" İnsan haqları təşkilatı olaraq Nazim bəyin məruz qaldığı qurama ittihamı pisləyirik”, hüquq müdafiəçisi əlavə edib
Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: “Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, o qeyd edib.