Accessibility links

Söyüdlü kəndində son durum və vətəndaş cəmiyyətinin narahatlığı


Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar (Arxiv foto. Mənbə: VOA)
Gədəbəyin Söyüdlü kənidndə etirazçıların qaldırdığı şüar (Arxiv foto. Mənbə: VOA)

Gədəbəy rayonunun Söyüdlü kəndinin girişindəki yollarda polis postları qalmaqdadır. Kənd ərazisinə yalnız sakinlər buraxılır.

Bu barədə Amerikanın Səsinə adının açıqlanmasını istəməyən Söyüdlü kənd sakini bildirib.

Onun sözlərinə görə, yerli polisin, icra hakimiyyəti orqanlarının rəhbərləri tez-tez kəndə gələrək sakinlərlə söhbətlər aparır. Son günlər kənd sakinlərindən həbs edilənlər yoxdur.

"Biz nəyə etiraz edirdik, başımıza nələr gəldi. Komissiyanın monitorinqinin nəticələrini gözləyirik. Amm, texnika sianid gölünün ətrafında əvvəlki kimi işləyir. Heç nə dəyişməyib", sakin qeyd edib.

"Söyüdlü" İşçi Qrupunun üzvü Səməd Rəhimli Amerikanın Səsinə bildirib ki, Söyüdlü hadisələri çərçivəsində 11 nəfər həbs olunub.

"Onlardan 8 nəfəri İnzibati Xətalar Məcəlləsinin 513-cü (Toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması) maddəsi ilə həbs olunub, 3 nəfərə qarşı isə narkotik ittihamı ilə cinayət işi açılıb".

Hüquqşunas əlavə edib ki, həbs olunan şəxslərin apellyasiya şikayətləri hazırlansa da, onların qohumları vəkillə müqavilə imzalamaqdan imtina edib.

"Ona görə də biz apellyasiya şikayətləri göndərə bilmədik və müddətini ötürdük. Kənd sakinləri və həbs olunanların qohumları hüquqi yardımdan imtina edib", o qeyd edib.

O, işçi qrupun hökumət komissiyasının işi, ekoloji durumla bağlı müraciətlər hazlırladığını bildirib.

Məsələyə Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən hələ münasibət bildirilməyib.

İyulun 6-da İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyası Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üzrə hökumət komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət qəbul edib.

Müraciətdə deyilir ki, Gədəbəy rayonunun Söyüdlü kənd inzibati ərazisində yerləşən qızıl mədənində formalaşan tullantıxana və qızıl email zamanı 45 hektar ərazidə yaradılması nəzərdə tutulan ikinci süni göllə bağlı durum ölkə ictimaiyyətini, o cümlədən 90-a yaxın qeyri hökumə təşkilatlarını (QHT) birləşdirən İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasını ciddi narahat edir.

Qurum hökumət komissiyasının açıqladığı ilkin rəyin reallığna inamır.

Koalisiya bildirir ki, bir neçə dəfə mədən sənayesi bölgələrində real durumun qiymətləndirməsi, o cümlədən hasilat prosesi zamanı ətraf mühitə və ekoloji vəziyyətə dəyən təsirlərin qiymətləndirilməsi məqsədilə obyektiv monitorinqlər keçirmək istəkləri ilə bağlı müraciətləri diqqətə alınmayıb.

"Sizin sədirliyinizlə yaradılmış komissiyanın tərkibində ictimaiyyət nümayəndələrinin olmamasını təəssüflə qeyd etməklə yanaşı, hesab edirik ki, müstəqil vətəndaş cəmiyyəti tərəfindən də baş vermiş təfərrüatlara dair vəziyyətin obyektiv dəyərləndirilməsi olduqca zəruridir", sənəddə qeyd edilir.

Sənəddə həmçinin qızıl haslatında sianid turşusundan istfadə prosesi əks olunub.

"Nəzərə alınsa ki, sianid buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksək olduğundan turşunun buxarı ilə nəfəs aldıqda və ya o, dərinin zədələnmiş hissəsinə düşdükdə qısa zaman çərçivəsində insanı öldürə bilir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və zəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa, insan həyatı üçün öldürücü təsirə malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, onun mövcud olduğu hava ilə nəfəs alan şəxs zəhərlənir və sonradan təcili tədbir görülməsə həyatını itirə bilər. Komissiyanın ilkin rəyində istifadə olunan sianidin (NaCN) hidrogen peroksid (H2O2) vasitəsilə zərərsizləşdirilməsi qeyd olunur ki, bu dünyada tətbiq olunan metoddur. Lakin bu proses qapalı çənlərdə və 3 ay müddətində həyata keçirildiyindən ilkin rəylə bağlı müəyyən suallar doğurur. Çünki süni göldə olan və həcmi bilinməyən sianid qarışıq maye məhlulun peroksidlə zərərsizləşdirilməsi praktiki mümkün deyil", müraciətdə qeyd edilir.

"Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyası Söyüdlü kəndi ərazisində yerləşən qızıl mədəni tullantıxanası ətrafında yaranmış vəziyyəti, xüsusilə, hasilat prosesinin sosial və ekoloji təsirləri ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə komissiyanın sədri ilə görüş üçün vaxt ayırmasını xahiş edir.

Öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasından kimissiyaya rəsmi olaraq hər hansı müraciət daxil olmayıb.

"Rəsmi müraciət daxil olduqda mütləq cavablandırılacaq", Məbuat xidmətinin cavabında qeyd olunur.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin vatsap şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də, sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining"​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

Mövzuya uyğun

XS
SM
MD
LG