Accessibility links

Siyasi məhbus kimi tanınan şəxslərdən ikisi aclığa başlayıb, biri aclığı dayandırıb


Yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun və Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Cəfər Mirzəyevin həbsxanada aclığa başladığı, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirlinin isə aclığı dayandırdığı bildirilir.

AXCP fəalı Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb. 2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Aqil Hümbətov hazırda 2 saylı Cəzaçəkmə Müəssiəsində saxlanılır.

Onun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə deyib ki, Aqil Hümbətov sentyabrın 11-dən aclıq akasiyasına başlayıb.

“Onunla dünən telefonla danışdıq. Dedi ki, aclığa başlayacağı ilə bağlı rəsmi qaydada cəzaçəkmə müəssisəsinin rəhəbərliyinə müraciət edib. Tələbləri siyasi sifarişli həbsinə son qoyulması, bəraətverici əsaslarla azadlığa buraxılması, ailəsinin sosial problemlərinin həlli və ailəsinin sosial müavinətinin bərpa edilməsidir”, o qeyd edib.

Hümbətova deyib ki, ailəsinin sosial müavinətini bu il mayın 1-dən kəsiblər.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə bildirdilər ki, ailəmə kəsilən 272 manat sosial yardım düz hesablanmayıb. Mənim üç uşağım var. Ona görə 450 manatdan çox yardım təyin ediləcək. Bu səbəbdən mənə ərizə yazdırıb 272 manatdan imtina etdirdilər. İndi isə nə 272 manatı ala bilirəm, nə də vəd etdikləri 450 manatı. Ailəm çox ağır durumda yaşayır. Üç azyaşlı uşağım var. Hər hansı gəlir yerimiz yoxdur. Evimiz çox rütubətlidir, uşaqlarım öskürür. Həkim deyir ki, müalicə edilməsə astma xəstəliyinə tutulacaqlar. Üç aydan çoxdur ki, yaxşı insanlar uşaqlarıma çörək alırlar. Onun-bunun yardımı ilə zülmlə sabaha ümidlə yaşayıram. Mən Prezident İlham Əliyevə müraciət edirəm. Uşaqlarımın sosial yardımını bərpa edin. Həyat yoldaşım haqsız yerə həbsdədir. O, azadlığa buraxılmaldır ki, ailəsinin, uşaqlarının çörəkpulunu qazansın”, o qeyd edib.

Hümbətova bildirib ki, həyat yoldaşı bir ay öncə də eyni tələblə aclıq aksiyası keçirib.

“O zaman özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs aclığı dayandırmasını xahiş etdi. Bildirdi ki, ailəsinin sosial problemləri həll olunacaq. Ancaq onu aldatdılar. İndiyədək ailəmizin sosial problemi ilə bağlı hər hansı bir iş görməyiblər”, Aygün Hümbətova Amerikanın Səsinə deyib.

Öz növbəsində, rəsmi qurumlar Aygün Hümbətovanın iddialarına hələ münasibət bildirməyib.

2021-ci ilin noyabrında Almaniyadan deportasiya olunduqdan bir müddət sonra saxlanılan Cəfər Mirzəyev 2023-cü il yanvarın 16-da narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il həbsə məhkum edib. Sonra Apellyasiya Məhkəməsi onun həbs müddətini 5 ilə endirib.

Cəfər Mirzəyevin qardaşı Vüsal Cəfərov Amerikanın Səsinə deyib ki, qardaşı sentyabrın 9-dan saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayıb.

“Cəfərlə dünən telefonla danışdım. O, qanunsuz həbsinə etiraz edir, ailə üzvlərinin sosial müavinət üçün bir neçə dəfə müraciət etməsinə baxmayaraq baxılmır, uşaqlarının sosial müavinətlə təmin edilməsini tələb edir. Bir də Almaniya səfirliyindən readmissiya haqqında sazişin yerinə yetirilməsi ilə bağlı öhdəliyin yerinə yetirilməsinə kömək etməsini istəyir”, o qeyd edib.

Vüsal Cəfərov qardaşından aclığı dayandırmasını xahiş etsə də o qəbul etməyib.

“Mən aclığı dayandırmasını xahiş etdim. O, tələbləri yerinə yetirilənədək aclığı davam etdirəcəyini bildirdi. Məndən xahiş etdi ki, bir daha ona aclığı dayandırmasını deməyim”, o qeyd edib.

Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli bu gün, sentyabrın 11-də ailəsinin xahişini nəzərə alaraq aclığı dayandırdığını bildirib.

“Nazim bəy sentyabrın 4-dən həbsinə etiraz olaraq saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirirdi. Bu gün, sentyabrın 11-də bizimlə telefon danışığı zamanı xahişimizi qəbul edərək aclığı dayandırdığını bildirdi”, keçmiş deputatın həyat yoldaşı Fəridə Bəydəmirli Amerikanın Səsinə deyib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Penitensiar Xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Nazim Bəydəmirli aclıq etməsi barədə Penitensiar Xidmətə müraciət etməyib. Digər iki şəxsin aclıq etməsi ilə bağlı Amerikanın Səsinin sorğusuna isə Penitensiar Xidmət hələ cavab verməyib.

Forum

XS
SM
MD
LG