Accessibility links

Nazim Bəydəmirli həbsindən 40 gün sonra ilk dəfə ailəsi ilə görüşüb


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Avqustun 24-də Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli həbsindən 40 gün sonra saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ilk dəfə ailəsi ilə görüşüb.

Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli Amerikanın Səsinə bidlirib ki, görüş 20 dəqiqə çəkib.

“Nazim bəylə şüşə arakəsmənin arxasından ünsiyyətdə olduq. O, gümrah görünürdü. Saxlanılma şəraitindən narazı deyil, həkim müayinəsindən keçir, dərmanlar verilir. Sabah vəkilləri ilə görüşüb növbəti addımları müzakirə edəcək”, Fəridə Bəydəmirli qeyd edib.

Onun sözlərinə görə, Nazim Bəydəmirli üçün aparılan bütün sovqatlar qəbul edilir.

Xatırladaq ki, Bakının Nərimanov rayon Məhkəməsi avqustuin 15-də hakim Vüsal Qurbanovun sədrliyi ilə Nazim Bəydəmirlinin ailə üzvləri ilə telefon danışığı və görüşünə icazə verilməsi ilə bağlı vəsatəti təmin edib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Forum

XS
SM
MD
LG