Accessibility links

Milli Məclisin həbsdə olan keçmiş deputatı Azərbaycan Prezidentinə müraciət edib


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan iş adamı, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli Prezident İlham Əliyevə müraciət edərək, barəsindəki cinayət işinə xitam verilməsinə kömək etməsini xahiş edib.

Nazim Bəydəmirli İlham Əliyevə fevralın 7-də növbədənkənar prezident seçkilərində uğurlar arzulayıb və keçən il iyulun 4-də barəsində “qondarma, əsassız cinayət işi” başladılaraq həbs edildiyini xatırladıb.

“Həbs olunmamışdan iki həftə qabaq doğulduğum 2005-ci illərdə millət vəkili kimi təmsil etdiyim Gədəbəy rayonunda Söyüdlü hadisələri kimi qiymətləndirilən, Qızıl Emalı Zavodu ilə yerli sakinlər arasında yaranmış polis müdaxiləsinə şərait yaratmış və KİV-də internet resuslarında müxtəlif vediolar, şəkillər yayılmışdır. Bu hadisələrdən hamı kimi mən də sosial şəbəkələrdən məlumat almışam, bir neçə gün ərzində mənə müraciət edən yerli və xarici KİV nümayəndələrinə bəzi açıqlamalar, müsahibələr vermişəm. Bu açıqlamalarımda dövlətimizin, xalqımızın mənafeyinə zidd olan heç bir cümlə, ifadə yer almamışdır, əksinə nüfuzumdan istifadə edərək yerli sakinlərə sakit olmağı, polis orqanlarının əməkdaşları ilə qarşıdurmaya getməməyi, Dövlət Komissiyasının qərarını gözləməyi, səbr etməyi tövsiyə etmişəm.

Həmçinin qeyd etmişəm ki, 2009-cu ildə sizinlə birlikdə zavodun istismara verilməsi münasibəti ilə açılış mərasimində zavodun rəhbəri Rza Vəziri və ekologiya naziri Hüseynqulu Bağırovun məruzələrini dinləmişəm. O zaman sizin ətraf muhitlə bağlı tələblərinizi də şəxsən eşitdiyimi təkrar-təkrar söyləmişəm”, o qeyd edib.

Bəydəmirli bildirib ki, bütun çıxışlarına rəğmən hadisələrdən bir neçə gün sonra yerli saytların birində onun adını “təçkilatçı, yönəldici” kimi qeyd edərək haqqında qara piar (qarayaxma-red) kampanyasına start verilib.

“Qara piar materialları yoxlanılmadan dövlət televiziyasında da verilmişdir, Milli Məclisdə bəzi deputatlar adımı çəkərək yanlış fikirlər formalaşdırmışdı. Hüquqi dövlətə inamımla həmin şəxsləri və KİV-ləri mülki qaydada məhkəməyə verməyə məcbur olmuşam və təkzib vermələrini tələb etmişəm. Ancaq mənim tutulmağım haqqında qərar verildiyindən şərlənmə prosesini dayandırmaq mümkün olmayıb və yuxarıda qeyd etdiyim kimi yeddi aydır istintaq təcridxanasında heç bir günahım olmadan saxlanılıram.

İctimai fəaliyyətim dövründə davranışlarımda, çıxışlarımda dövlətimizi mümkün qədər müdafiə etməyə çalışmışam, heç vaxt heç bir məmura yaltaqlıq etməmışəm, hökümətin iqtisadi, siyasi, sosial siyasətində xalqımızın, dövlətimizin xeyrinə ola bilən qərarlara müsbət rəy bildirmişəm, səhv qərarları tənqid etmişəm”, o qeyd edib.

Nazim Bəydəmirli müraciətində həbsi ilə bağlı dəfələrlə məhkəmə prossesinə etiraz etdiyini qeyd edib. O, müraciətində azadlığa çıxmağı və haqqında başlanmış qondarma cinayət işinin xitam olunması üçün Prezident İlham Əliyevin göstəriş verməsini xahiş edib.

Keçmiş deputatın müraciətinə Azərbaycan Prezidentinin Administrasiyası hələ münasibət bildirməyib.

2023-cü il iyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində həbs-qətimkan tədbiri seçib. Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

O, yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. Çoxsaylı yerli və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Bəydəmirlinin azad edilməsinə çağırıb.

2023-cü il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa daha bir neçə şəxs, o cümlədən Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli başqa ittihamlarla həbs edilib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG