Accessibility links

Nazim Bəydəmirli ailə üzvləri ilə görüşüb


Nazim Bəydəmirli və həyat yoldaşı Fəridə Bəydəmirli (Fotonu Fəridə Bəydəmirli təqdim edib)
Nazim Bəydəmirli və həyat yoldaşı Fəridə Bəydəmirli (Fotonu Fəridə Bəydəmirli təqdim edib)

Həbsdə olan Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli ailə üzvləri ilə görüşüb.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli Facebook səhifəsində yazıb. O, qeyd edib ki, Nazim Bəydəmirli saxlanma şəraitindən, əməkdaşlarının münasibətindən razıdır:

"Açığı, heç vaxt görüşə getməyimizi istəməyib, oğlumun təkidi ilə açıq görüşə getdik. Əhval ruhiyyəsi yaxşı idi. Üzündəki təbəssümündən, nikbinliyindən heç nə əksilməmişdi. O dedi ki, təcridxana rəhbərliyindən tutmuş kamera yoldaşlarına qədər hərkəs onunla hörmətlə davranır. Hətta ona xüsusi kamera belə təklif etdiklərini dedi. Lakin o razılaşmayıb, burada özünü heç kimdən üstün tutmadığını bildirdi. Sağlığının və qidalanmasının yerində olduğunu dedi. Nazim Bəydəmirli, onu da dedi ki, "məni şərləyib həbs edənlər anlamalıdırlar ki, məni azadlıqdan məhrum etmək onlara baş ucalığı gətirməyəcək". - Nazim Bəydəmirlinin həyat yoldaşı qeyd edib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb. İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb. "Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Forum

XS
SM
MD
LG