“Müsavat Partiyası Azərbaycan hakimiyyətindən ölkə Konstitusiyasına və imzaladığı beynəlxalq konvensiyalara əməl olunmasını, bütün siyasi məhbusların dərhal azad olunmasını, repressiyalara son qoyulmasını, ölkədə söz, media, sərbəst toplaşma və digər fundamental hüquqların təmin olunmasını tələb edir. Müsavat Partiyası ölkə ictimaiyyətini və beynəlxalq birliyi repressiya qurbanı olan şəxslərə və qurumlara dəstək verməyə, irticaya qarşı etiraz səsini ucaltmağa çağırır”.
Bu barədə Müsavat Partiyasının dekabrın 2-də keçirilən 10-cu qurultayının “Azərbaycanda repressiyaların növbəti dalğası ilə əlaqədar” bəyanatında deyilir.
Sənəddə bildirilir ki, Azərbaycanda 30 ildən artıqdır hakimiyyət tərəfindən yürüdülən siyasət nəticəsində, ölkə demokratik seçkilərin keçirilmədiyi, müxalifətin daim təzyiq və təhdid altında saxlandığı, söz, ifadə, sərbəst toplaşma azadlığının təmin edilmədiyi, insan haqlarının mütəmadi və kütləvi olaraq pozulduğu bir ölkəyə çevrilib.
“Xalqın və siyasi qüvvələrin ordumuza dəstəyi sayəsində Azərbaycanın işğal olunmuş əraziləri tam azad olunduqdan sonra, siyasi hakimiyyət vətəndaş həmrəyliyini inkişaf etdirmək, dövlətin və cəmiyyətin bütün resurslarını əhalinin rifahının yaxşılaşdırılmasına və dövlətin gücləndirilməsinə yönəltmək əvəzinə, ölkədə siyasi repressiyaların yeni amansız dalğasına rəvac verib. Müsavat Partiyası Gənclər Təşkilatı İdarə Heyətinin üzvü, partiya başqanının oğlu Orxan Hacılı adi yol qəzasına görə heç bir əsas olmadan həbs edilib. Bu qanunsuz həbs ictimaiyyət tərəfindən birmənalı olaraq Müsavat Partiyasına və onun başqanına təzyiq kimi qiymətləndirilib. Ötən iki həftə ərzində “Abzas Media”nın baş redaktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekəlov, nəşrin baş redaktoru Sevinc Vaqifqızı, əməkdaşı Nərgiz Absalamova, “Kanal 13” televiziyasının rəhbəri Əziz Orucov, həmin kanalın aparıcısı Rüfət Muradlı uydurma ittihamlarla həbs ediliblər. İnzibati resurslar və qanunlara mürtəce dəyişikliklər etmək yolu ilə media orqanlarının və vətəndaş cəmiyyəti institutlarının bütün dünyada qəbul edilən legitim maliyyələşmə üsullarını məhdudlaşdıran hakimiyyət indi bu müddəalardan tənqidçiləri susdurmaq və cəzalandırmaq üçün istifadə edir. Hüquq mühafizə orqanları hakimiyyəti tənqid edən və korrupsiya faktlarını ortaya çıxaran jurnalistləri yox, korrupsioner məmurlar məsuliyyətə cəlb etməlidirlər”, Müsavat Partiyası qeyd edir.
Bəyanatda deyilir ki, ölkədə siyasi məhbusların sayı getdikcə artmaqdadır.
“ADR sədri Qubad İbadoğu, ALÖV partiyasının sədri Rza Səfərsoy, iş adamı Nazim Bəydəmirli, Xural TV-nin rəhbəri Əvəz Zeynallı, AXCP üzvləri Zamin Salayev, Elnur Həsənov və digər şəxslər qanunsuz həbs ediliblər”, sənəddə qeyd edilir.
Azərbaycan hakimiyyəti ölkədə bütün fundamental hüquların tam bərpa edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir. Siyasi hakimiyyət tənqidləri qəbul etmir, qərəzli sayır.
Hüquq müdafiə təşkilatları hazırda ölkədə 250-dən çox şəxsi siyasi məhbus kimi tanıyır.
Forum