Accessibility links

Söyüdlü hadisələrinə görə etiraz edən fəalın evinə polis gəlib


İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Sara Rəhimova
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Sara Rəhimova

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Sara Rəhimovanın evinə polis gəlib. Fəal Amerikanın Səsinə bildirib ki, iyunun 21-də Bakının müxtəlif istiqamətlərində Söyüdlü hadisələrinin ildönümü ilə bağlı şüarlar yapışdırıb:

"1 il öncə Söyüdlüdə baş verən hadisələrə, o cümlədən, "COP29" İqlim Dəyişikliyi Konfransının keçirilməsinə etiraz etmişik. İnsanlar haqlı etiraz ediblər və buna görə şərlənərək həbs olunublar. Ölkədə insan haqları pozulur, həmçinin bir sıra ekoloji problem var, insanları peşə, ictimai və siyasi fəaliyyətinə görə həbs edirlər. Belə bir vəziyyətdə konfransın keçirilməsi doğru deyil".

Rəhimova heç bir qanunu pozmadığını, etiraz hüququndan istifadə etdiyini deyib.

"Evə polis gəlib və məni axtarıb, evdəkilər də deyib ki, hazırda harada olduğunu bilmirik. Dünəndən evə getmirəm", deyə fəal qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Azərbaycanda işçi haqlarını müdafiə etdiyinə görə İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının 4 üzvü həbs olunub. Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

COP (conference of the parties – tərəflərin konfransı) iqlim dəyişikliyi ilə bağlı konfrans bu il Azərbaycanda keçiriləcək. Tədbirin ilin sonunda keçiriləcəyi gözlənilir.

2023-cü ilin iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa daha bir neçə şəxs, o cümlədən Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli başqa ittihamlarla həbs edilib.

Forum

XS
SM
MD
LG