Accessibility links

Sabiq deputatın məhkəməsi davam edib


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Mayın 27-də Bakı Ağır Cinayətlər məhkəməsində həbsdə olan iş adamı, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirlinin məhkəmə prosesi keçirilib.

Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

İş üzrə zərərçəkmiş şəxs Ədalət Bağırov daha sonra digər zərərçəkmiş Mürsəl İbrahimov ifadə verib.

Nazim Bəydəmirli isə ifadələrin həqiqəti əks etdirmədiyini, deyilənlərin yalan olduğunu bildirib.

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.

2023-cü ilin iyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Forum

XS
SM
MD
LG