Accessibility links

Fəridə Bəydəmirli: Nazim Bəydəmirlinin səhətinin pisləşməsinə baxmayaraq ev dustaqlığına buraxılmır


Nazim Bəyədmirli (Arxiv foto)
Nazim Bəyədmirli (Arxiv foto)

“Nazim Bəydəmirlinin səhətinin gündən-günə pisləşməsinə baxmayaraq, ev həbsi tələbimiz təmin olunmur. Məqsəd Nazimi yavaş-yavaş öldürmək və beləcə onun qanunsuz həbsini ört-basdır etməkdir. Nazimi öldürsələr, bunu kimlər edəcək, biz heç vaxt bilməyəcəyik. Bir onu bilirəm ki, bu, ölkəmiz adına, dövlətimiz adına ayıb olar. Bu ayıbı sizə yaraşdırmıram. Mən səsimi hara duyurum? Kosmosa çıxım?"

Bu barədə Milli Məclisin həbsdə olan keçmiş deputatı Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirlinin Facebook səhifəsində ictimaiyyətə ünvanladığı müraciətində deyilir.

Nazim Bəydəmirli artıq 404 gündür həbsdədir.

"Nazim Bəydəmirli 404 gündür günahsız yerə həbsdədir. 404 gündür açılan cinayət işi ilə baglı heç bir fakt, sübut yoxdur. Xatırladım ki, 4 iyul 2023-cü il tarixdə Nazim elektron qeydiyyatdan keçərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin qəbuluna gedib və həmin gün həbs olunub. İqtisad elmləri doktoru Nazim Bəydəmirlinin illərdir özünün tonlarca şikayət ərizəsi olduğu halda, adını, soyadını yazanda hərf səhvi buraxan bir şəxsin havaya deyilmiş iddiası ilə bu gün Nazim bir ildən çoxdur həbsdə saxlanılır”, müraciətdə qeyd edilir.

Fəridə Bəydəmirli Amerikanın Səsinə deyib ki, həyat yoldaşı çoxsaylı xəstəliklərdən əziyyət çəkir.

“Nazimin ürəyində impulsiv blokadadır. Təzyiqdən əziyyət çəkir. Baş hərlənmələri olur. Amma, onun müalicəsi təşkil edilmir. Mən bəyanatlar verəndən sonra həkim göndərirlər, analiz edirlər. Amma, hər dəfə analizlərin nəticələri bizi qane etmir. Nazimin dişləri ilə bağlı da problemləri yaranıb”, o qeyd edib.

Bu il aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Nazim Bəydəmirlinin məhkəməsi başlayıb və məhkəmə davam edir.

2023-cü il iyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir. O, yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Bəydəmirlinin azad edilməsinə çağırıb.

2023-cü il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa daha bir neçə şəxs, o cümlədən Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli başqa ittihamlarla həbs edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG