Accessibility links

Nazim Bəydəmirlimin səhhətində problemlər olduğu deyilir


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan iş adamı, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli həyat yoldaşı ilə görüşüb.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı məhdudiyyətlər yaradılıb:

“Dünən uzun aylardan sonra Nazim Bəydəmirlinin ziyarətinə getdim. Penitensiar xidmətin işçilərindən açıq görüş istədiyimi bildirdim, cavabında "çalışarıq" dedilər. Sənədlərimi təhvil verdikdən bir qədər sonra görüşə çağırdılar. Görüşün şüşə arxasından mümkün olduğunu bildirdilər. Əgər Nazimi ad günündə canlı görməyə icazə verilməzsə, görüşdən imtina edəcəyimi bildirdim. Uzun inadlaşmadan sonra nəzarətçinin otağında 5 nəfəri müşahidəsi ilə cəmi 1 dəqiqəlik görüş verdilər".

O, eyni zamanda həyat yoldaşının səhhətində problemlərin qalmaqda olduğunu bildirib:

"Hər dəfə telefonla danışanda təzyiqinin yüksək olduğunu, oturaq halda baş hərlənməsinin artdığını və psixoloji gərgin olduğunu söyləyir. Bir dəqiqəlik görüşümüzdə də rənginin qaraldığını müşahidə etdim. Səhhəti ilə bağlı keçən həftə Ombudsman aparatına xəbər vermişdim. Onlar da Nazimini ziyarət ediblər. Doğrusu, indiyə qədər bilmirəm ki, Ombudsman aparatının səlahiyyəti hansı səviyyədədir? Çünki heç bir dəyişiklik yoxdur. Sanki belə olmalıdır", Fəridə Bəydəmirli qeyd edib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Forum

XS
SM
MD
LG