Accessibility links

Azərbaycan Dövlət Neft Şirkəti qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı sazişlər imzalayıb


Azərbaycan Dövlət Neft Şirkəti qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı sazişlər imzalayıb (Mənbə: bp şirkəti)
Azərbaycan Dövlət Neft Şirkəti qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı sazişlər imzalayıb (Mənbə: bp şirkəti)

Azərbaycan sentyabrın 20-də qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı sazişlər imalayıb.

BP şirkəti bildirir ki, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bp, MOL, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh şirkətləri ilə birlikdə sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqları və Günəşli yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavənin imzalandığını elan edib.

Bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmlərdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Yeni qaz sazişi Bakıda Neftçilər Günü və AÇG üzrə HPBS-nin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə təntənə ilə qeyd olunub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, ABƏŞ-in prezidenti Qəri Counz və AÇG-nin tərəfdaş şirkətlərinin yüksək səviyyəli rəhbərləri iştirak ediblər.

Sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh (2,31%).

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, yeni qaz sazişinin imzalanması SOCAR üçün yeni strateji mərhələdir.

"Azərbaycan qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi enerji ehtiyatlarının daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirir. Bu layihə tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirəcək”, o qeyd edib.

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel isə bildrib ki, AÇG-nin sərbəst qaz ehtiyatlarının işlənməsində böyük potensial görür.

“Bu gün AÇG üçün həqiqətən tarixi bir gündür. Məhz öz 30 illiyində AÇG-nin möhtəşəm neft uğurları ilə yanaşı təbii qaz layihəsi ilə yeni yola çıxması çox əlamətdardır. Son 30 ildə Azərbaycanın nəhəng dəyişiklikləri ölkəni dünyanın mühüm enerji təchizatçılarından birinə çevirmiş AÇG ilə bağlıdır. Amma bugünkü saziş də, bəlkə, ilkin HPBS qədər əhəmiyyətlidir, çünki o, AÇG-nin tarixində ilk dəfə kommersiya qazının ixracına imkan verməklə bu əfsanəvi yatağın iqtisadi dəyərini daha da yüksəldəcək və Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarını dəstəkləyəcək", o qeyd edib.

Sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) və bp ilə həm də enerji təchizatı təhlükəsizliyinin artırılması mədsədilə beynəlxalq neft və qaz "upstream" (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən Anlaşma Memorandumu imzalayıb.

SOCAR ilə BP-nin birgə məlumatına görə, memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək.

Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.

SOCAR-ın məlumatına görə, sentyabrın 20-də həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MOL Hungarian Oil and Gas” şirkəti arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.

Sənədin imzalanması SOCAR-ın prezidenti Rövşən Nəcəfin “MOL Hungarian Oil and Gas” şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə keçirdiyi görüşdə baş tutub.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG