Accessibility links

Son 4 ayda Azərbaycan xarici ölkələrə 8,4 milyard kubmetr qaz satıb


Azərbaycanın Xəzər dənizindəki neft-qaz yataqları
Azərbaycanın Xəzər dənizindəki neft-qaz yataqları

Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə 8,4 milyard kubmetr qaz satıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Avropaya 3,9 milyard kubmetr, Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 1,9 milyard kubmetr qaz nəql olunub.

Bu barədə Azərbyacanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 16,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 8,8 milyard kubmetri “Şahdəniz”dən, 3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, yəni 411 milyon kubmetr artımla qaz hasil edilib.

“Azəri-Çıraq-Günəşli” (ACG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2023-cü il tarixinədək AÇG-dən 208 milyard kubmetr, “Şahdəniz”dən isə 192 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 135 milyard kubmetrə yaxını ixraca nəql edilib”, nazirlik qeyd edir.

Məlumatda həmçinin deyilir ki, 2023-cü ilin yanvar-aprel ayları üzrə ölkədə 10,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Neft hasilatının 6,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.

4 ay ərzində 8,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 7,6 milyon tondan bir qədər çox hissəsi konsorsiumun, 847 min tonu isə SOCAR-ın payına düşür. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2023-cü il tarixinədək 615 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 573 milyon ton neft, “Şahdəniz”dən isə 42 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 may 2023-cü il tarixinədək 612,8 milyon tonu ixraca nəql edilib”, Energetika Nazirliyi qeyd edir.

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.

Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 kilometrdir. Bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

XS
SM
MD
LG