Accessibility links

Zəfər Əhmədov: İnsan hüquqları geopolitik vəziyyətlə bağlı olmalı deyil


Zəfər Əhmədov
Zəfər Əhmədov

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə müsahibəsində son əfv sərəncamından və ölkədə insan hüquqlarının son durumundan danışıb.

Amerikanın Səsi: Mayın 25-də Azərbaycan Prezidenti əfv sərəncamı imzalayıb. Hüquq müdafiəçiləri əvvəlki əfv sərəncamlarından fərqli olaraq bu dəfə əfv olunanların arasında bir nəfər belə siyasi və vicdan məhbusu kimi tanınan şəxsin olmadığını bildirir? Sizcə bunun səbəbi nədir?

Zəfər Əhmədov: İnsan hüquqları geopolitik vəziyyətlə bağlı olmalı deyil
please wait

No media source currently available

0:00 0:08:25 0:00

Zəfər Əhmədov: Etiraf etmək lazımdır ki, bu əfvdən qabaq müəyyən ümidlər var idi. Ən əsası dünyada gedən proseslərə, insan hüquqları məsələsinə görə Azərbaycana olan təzyiqlərə görə müəyyən ümidlər yaranmışdı ki, tam da olmasa, hansısa addımlar atılar. Əfv sərəncamında isə göründü ki, nəinki bir nəfər də siyasi məhbus yoxdur, (biz gözləyirdik ki, az sayda olsa da siyasi məhbuslar ola bilər), hətta kimlərin ki, əfv olunması gözlənilirdi, siyasi motivlərlə olmayan, adi cinayətlərlə həbs edilənlər, onlar da əfv edilmədi. Yəni əfv elə bir formada oldu ki, əfvin strukturu, əfvin şamil olduğu insanlar elə bir formada oldu ki, prosesin hansı formada getdiyi barədə əvvəldən olan söz-söhbət özünü doğrultdu. Yəni orada danışıqlar gedirdi, hansı razılaşmalar gedirdi, onlar da özünü doğrultdu. Hətta siyasi olmayan kimlərinki ümidi var idi, onlar da azad olunmadı. Belə deyək, burada müəyyən “müqavilə şərtləri” də pozuldu. Bunun özü də deməyə əsas verir ki, bu əfvə heç imitasiya da demək olmaz. Mənim təcrübəmdə son illər ərzində ondan artıq əfvdən demək olar ki, ən mənasızıdır.

Amerikanın Səsi: Əfvin strukturunu necə qiymətləndirirsiniz? Əfv olunanlar əsasən hansı cinayətlərdə ittiham olunanlardır?

Zəfər Əhmədov: Bu da maraqlıdır. Əfvin strukturu da göstərir ki, əsasən qətllərdə günahlandırılanlar və cinayəti törətmiş şəxslərə şamil edilib. Burada indi hansı motivlərlə törədilib, bu artıq başqa məsələdir. Əgər burada olsaydı dediyimiz az ictimai təhlükə törədən cinayətlər, - deyək yol qəzaları, başqa bu sahədə olan cinayətlər çox olsaydı - yenə nəyisə başa düşmək olardı, bu hümanistlik nöqteyi nəzərindən yanaşılıb. İndi isə vəziyyət başqadır. Burada qətllər də var, hətta cəzasının müddəti başlamış, amma ağır cinayətlərdə və yaxud az ağır cinayətlərdə günahlandırılan şəxslər vardır ki, onların heç qanunvericilikdə hansısa yüngülləşdirici tədbirlərin tətbiq olunması nəzərdə tutulmayıb. Ümumi götürəndə praktikada belə bir şey olmayıb. Buna görə də, əfvin həm stukturu, həm keçirilmə tərzi onu göstərir ki, bu əfvə hər halda əfv demək olmaz.

Bu əfvə heç imitasiya da demək olmaz. Mənim təcrübəmdə son illər ərzində ondan artıq əfvdən demək olar ki, ən mənasızıdır.      

Amerikanın Səsi: Sizin fikrinizcə belə əfv sərəncamlarının imzalanmasının əsas səbəbləri nədir? Yəni şəxsiyyət əleyhinə olan cinayətlərdə günahlandırılanların azadlığa buraxılması nə ilə bağlıdır?

Zəfər Əhmədov: Bilirsiniz çox tez-tez rast gəlinir ki, hansısa hərəkətlər alver predmeti yaratmaq üçün atılır. Burada belə bir hiss yaranır ki, ola bilsin ki, “namus , qeyrət” üstündə, yəni affekt vəziyyətdə törədilənlərə aid edilir. Başqa bir izah tapa bilmirik. Həm sayına, strukturuna görə, həm də siyasi məhbusların, günahsız həbs olunanların adı olmadığı əfvin niyə verildiyi, nə məqsədlə verildiyinin çox az izahı var.

Amerikanın Səsi: Azərbaycan hökuməti beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyinin, Avropa Şurasının, həmçinin rəsmi Vaşinqtonun çağırışlarına baxmayaraq siyasi məhbus kimi tanınan şəxslərlə bağlı baxışlarına yenidən baxmır. Bunun səbəbi nədir və nəticələri nə ola bilər?

Zəfər Əhmədov: Əvvəla nəticələrini deyim. Nəticələri çox pis ola bilər. Ancaq ümid edirik ki, bu nəticələr çox pis olmayacaq. Nəyə görə? Çünki hər bir maddənin bir qırılma nöqtəsi var. O qırılma nöqtəsi yəqin ki, hələ gəlib çatmayıb. Hələ ki, adəti üzrə Azərbaycan hakimiyyəti kiminləsə zor dili ilə danışmağı - yəni "mən heç kimdən qorxmuram, mən nəyi nə vaxt etməyi hamıdan yaxşı bilirəm, lazım olanda əfv də edə bilərəm, lazım olanda tutaram da" deyir. Son iki ilə yaxın olan proseslər də göstərir ki, hələ ki, sayın (siyasi məhbuslardan söhbət gedir-red) artması gedir, hələ ki, yenə də hansısa qəzəblə, hansısa səbəblə, hansısa dövlətlərlə münasibətlər pozulanda onların tərəfdarları olanları tutmaq, repressiyaya məruz qoymaq, hələ ki, yayın yığılması (gərginliyin artması-red) prosesi gedir. İndi o yayın açılması hansı formada olacaq, onu demək bir az çətindir. Yaxşı olar ki, şərtlər nəzərə alınsın, hansısa kompromislər tapılsın. Amma, ən böyük təhlükə, çox təəssüf ki, görünən də budur ki, yay həddən artıq yığılıb. Bu yayın birdən açılması nə Azərbaycan insanları üçün, nə beynəlxalq təşkilatlar üçün, nə də güc mərkəzləri üçün arzuolunan deyil. Yəqin ki, güc mərkəzləri də bunu nəzərə alır. Bütün tələblərə, xəbərdarlıqlara baxmayaraq (sanksiyadan tutmuş başqa təbrilərə kimi) hələ ki, sərt tədbirlər görmürlər. İnsan hüquqları geopolitik vəziyyətin dəyişməsi ilə, hansısa ətrafda baş verən hadisələrlə bağlı olmalı deyil. Bu proses daimi aparılan iş olmalıdır. Amma, birdən-birə təzyiqlərin çoxalması yerli ictimai sektoru da, vətəndaş cəmiyyətini də ruhdan salır, siyasi camiyyəni də, vətəndaş cəmiyyətini də darmadağın edir. Nəticədə də elə bir şərait yaranır ki, danışmağa da, etiraz etməyə də adam olmur. Bu özü də yenidən bir əks-təsir doğurur, yaxşı, danışan da, etiraz edən də yoxdursa, deməli enerji maraqları insan hüquqlarından daha irəlidədir.

Qeyd: Bu hüquq müdafiəçisi Zəfər Əhmədovun fikirləridir.

Azərbaycan hökuməti ölkədə ümumiyyətlə siyasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, heç kimin iradəsinə görə təqib edilmədiyini bəyan edir. Bununla yanaşı, yerli hüquq müdafiəçiləri üç yüzə yaxın insanı siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası Azərbaycan hökumətini günahsız həbs edilənlərin azadlığa buraxılmasına çağırır.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG