Accessibility links

Məhkəmə quru aclıq elan edən AXCP fəalının şikayətini təmin etməyib


Elnur Həsənov (Hasan) (Mənb: Sosial şəbəkə)
Elnur Həsənov (Hasan) (Mənb: Sosial şəbəkə)

Mayın 31-də Xətai Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan üzvü Elnur Həsənovun məhkəmə prosesi keçirilib. Bu barədə məlumatı vəkil Nemət Kərimli verib.

Onun sözlərinə görə, Həsənov həbs olunarkən narkotiklə bağlı ittihamı boynuna alması üçün polis bölməsində işgəncəyə məruz qalıb. Məhkəmə bununla bağlı Baş Prokurorluğun bəyanatına əsasən cinayət işi açmaqdan imtina etməsi ilə əlaqədar şikayətə baxıb.

“Prokurorluq bununla bağlı heç bir araşdırma aparmadı, formal qaydalara əməl etmədən bildirmişdilər ki, işgəncə olmayıb və Həsənovun bədənində xəsarət yoxdur. Həmişə olduğu kimi məhkəmə vəsatəti təmin etmədi. O, mayın 25-dən quru aclıq elan edib, vəziyyəti çox pisdir, dəhşətli dərəcədə arıqlayıb”.

Fəal tələbləri yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəyini bildirib. Həsənov quru aclıq aksiyası elan edərək prezident İlham Əliyevin fərmanı ilə əfv olunmamasına etiraz edir və azad olunmasını tələb edir. Xətai Rayon Məhkəməsi Həsənovun şikayətini təmin etməyib.

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ilə 154 nəfər məhbus əfv olunub. Hüquq müdafiəçilərinin dediyinə görə, əfv olunanlar arasında bir nəfər belə siyasi məhbus kimi tanınan şəxs yoxdur. Ölkənin hüquq müdafiə təşkilatlarının hesablamalarına görə, hazırda 300 nəfərədək insan siyasi məhbus həyatı yaşayır.

Elnur Həsənov bundan öncə də aprelin 18-də həbsinə etiraz olaraq aclıq elan etdiyini bildirib. Aprelin 25-də isə tələblərinin qəbul edildiyini və ondan aclığı dayandırmalarını istədiklərini bildirərək aclıq aksiyasını dayandırıb.

Fəal 28 noyabr 2023-cü ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilib. O, hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bir qayda olaraq bildirir ki, saxlanılan insanlar özünü müdafiə xatirinə günahsız olduqlarını, əqidələrinə görə həbs edildiklərini deyirlər.

Forum

XS
SM
MD
LG