Accessibility links

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda AİHM qərarlarının icrasını müzakirə edəcək


Avropa Şurasının Strasburqdakı qərargahı
Avropa Şurasının Strasburqdakı qərargahı

Avropa Şurası Nazirlər Komitəsi 5-7 dekabr tarixlərində Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumuna dair rüblük insan hüquqları iclasını keçirəcək.

Nazirlər Komitəsinin gündəliyində olan məhkəmə qərarları Albaniya, Azərbaycan, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Ermənistan, Gürcüstan, Xorvatiya, İtaliya, Macarıstan, Malta, Moldova, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Ukrayna və Yunanıstanla bağlı qərarlardan ibarətdir.

Azərbaycana dair müzakirəsi gözlənilən qərarlardan biri siyasi motivli həbslərlə bağlı olan Məmmədli qrupu işləridir ki, Nazirlər Komitəsi hökuməti fərdi tədbirlər kimi bu qrupda yer alan ərizəçilərin məhkumluğunu ləğv etməyə və bu məhkumluqlarını onların cinayət qeydlərindən silməyə, onlara qarşı irəli sürülən ittihamların bütün digər nəticələrini aradan qaldırmağa çağırıb.

Ümumi tədbirlər kimi Azərbaycan hökuməti Məhkəmə-Hüquq sistemində köklü islahatlar keçirməyə, cinayət qanunvericiliyindən sui-istifadə hallarını tamamilə aradan qaldırmağa çağırılır.

Məmmədli qrupu işləri Azərbaycanda 2013-2016-cı illərdə ictimai-siyasi fəalların, jurnalist və hüquq müdafiəçilərinin fəaliyyətlərinə və hökumətə qarşı tənqidi mövqelərinə görə siyasi təqiblərə və həbslərə məruz qalması ilə bağlıdır. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.

Nazirlər Komitəsi bu həftə həmçinin “Muradova”, “Məmmədov (Cəlaloğlu)” və “Mikayıl Məmmədov” qrupları üzrə məhkəmə qərarlarının icrasına dair vəziyyəti müzakirə edəcək. Bu qruplar altında AİHM-in 20-dən artıq qərarının icrasına nəzarət edilir. Məhkəmənin qərarlarında ərizəçilərin qohumlarının ölümləri, ərizəçilərin hüquq-mühafizə orqanlarında işgəncə və pis rəftara məruz qalmaları, buna dair səmərəli araşdırmanın olmaması, tibbi yardıma çatım haqqının pozulması və digər pozuntular aşkarlanıb.

2021-ci ildə qəbul etdiyi qətnaməsində Nazirlər Komitəsi Azərbaycan hökumətindən ərizəçilərə təzminatın ödənilməsinə dair məlumat istəmiş, habelə hökuməti istintaqın effektivliyinin artırılması, pis rəftar hallarının qarşısının alınması istiqamətində addımlar atmağa çağırmışdı.

Nazirlər Komitəsinin həmçinin hərbi xidmətdən imtina etdiyi üçün cinayət təqibinə məruz qalan “Yahova şahidləri” dini icmasının üzvlərinin işi ilə bağlı olan “Müşfiq Məmmədov və başqaları Azərbaycana qarşı”, habelə “Makuçyan və Minasyan Azərbaycana qarşı” işləri üzrə AİHM qərarlarının icrasına dair vəziyyəti müzakirə etməsi gözlənilir.

AİHM “Müşfiq Məmmədov və başqaları Azərbaycana qarşı” işinə dair qərarında ərizəçilərin Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan din azadlığının pozulduğunu aşkarlayıb. Məhkəmənin qərarında həmçinin qeyd edilib ki, Azərbaycanın Avropa Şurasına daxil olarkən alternativ hərbi xidmətlə bağlı öhdəlik götürsə də, milli qanunvericilikdə bununla bağlı boşluq var.

Azərbaycan hökuməti Nazirlər Komitəsinə bu işin icrasına dair təqdim etdiyi fəaliyyət planında qeyd edir ki, ərizəçilərin hər birinə qərarda göstərilən təzminat ödənib, habelə alternativ hərbi xidmətlə bağlı qanunvericiliyin hazırlanması üçün müvafiq dövlət orqanları ilə məsləhətləşmələrə başlanılıb.

Nazirlər Komitəsinin bu həftə müzakirə edəcəyi digər iş Macarıstanda qətlə görə məhkum edilən Ramil Səfərovun Azərbaycana ekstradisiya edildikdən sonra əfv edilməsi və “qəhrəman kimi qarşılanması” ilə bağlıdır.

Səfərov 2004-cü ildə Macarıstanda NATO təlimində olarkən ermənistanlı zabit Qurqen Markaryanı qətlə yetirmiş, 2006-cı ildə Budapeşt məhkəməsi onu amansız şəkildə qəsdən öldürülməsində təqsirli bilib. Məhkəmə həmçinin belə nəticəyə gəlib ki, cinayət qurbanın erməni milliyyətinə görə törədilib.

Ramil Səfərov 2012-ci ildə Azərbaycana ekstradisiya edildikdən sonra eyni gündə prezident sərəncamı ilə əfv edilib.

Avropa Məhkəməsi müəyyən edib ki, Azərbaycan Səfərovu məhz erməni əsilli birinə qarşı cinayət törətdiyi üçün onu törətdiyi cinayətə görə cəzasız qoyub, şəxslərin həyatına qarşı cinayətlərin qarşısını almaq öhdəliyini pozub. Ərizəçi tərəf Səfərovun əfv edilməsi ilə bağlı prezident sərəncamının ləğv edilməsini və ya alternativ olaraq Azərbaycan məhkəmələrinin prezidentin sərəncamına baxmasını istəyir.

Azərbaycan tərəfi pozuntunu tanıdığını və kompensasiya ödəyəcəyini bildirib. Hökumət ədalətli kompensasiya, o cümlədən pozuntunun etiraf edilməsini ədalətin bərpası üçün yetərli hesab edir.

Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası üzv ölkələr üçün məcburidir. Nazirlər Komitəsi milli hakimiyyət orqanları, ərizəçilər, QHT-lər və digər maraqlı tərəflər tərəfindən təqdim edilən məlumatlar əsasında qərarların icrasına nəzarət edir.

Hazırda Azərbaycanla bağlı Nazirlər Komitəsinin icraatında olan 300-ə qədər məhkəmə qərarı var.

Forum

XS
SM
MD
LG