Accessibility links

Avropa məhkəməsi Azərbaycan hökumətinin 67,000 avro təzminat ödəməsinə hökm verib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 30-u Azərbaycanla bağlı 21 ərizə üzrə 10 yeni qərardadını elan edib. Hökumət qərardadlara əsasən 67,000 avrodan çox təzminat ödəməli olacaq.

Azərbaycan Avropa Məhkəməsi qərarlarının monitorinqini aparan aihmaz.org bildirir ki, çıxarılan qərarların əksəriyyəti Azərbaycanda müxalif fəalların sərbəst toplaşma azadlığının pozulması ilə bağlı işlərə aiddir.

“Həziyev Azərbaycana qarşı” işində ərizəçi Şəmistan Həziyev ictimai toplantıda iştirakına görə qanunsuz və ya qeyri-mütənasib tədbirlərə, inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyinə məruz qaldığını, toplaşma və ədalətli məhkəmə hüququnun pozulduğunu iddia edib.

Hökumət Məhkəməyə təktərəfli bəyannamə təqdim edərək iddia olunan pozuntuları tanıyıb və təzminat təklif edib. Qərardada görə, hökumət vəkil Şəhla Hümbətovanın təmsil etdiyi ərizəçiyə mənəvi zərər əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödəyəcək.

“Abbasov və başqaları Azərbaycana qarşı” işi də ictimai toplantının iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərə və inzibati xətalar üzrə icraat zamanı məhkəmə ədalətsizliyi ilə bağlı iddialara əsaslanır. Qərardada əsasən, bu işdə hökumət və ərizəçilər dostca anlaşıblar. Hökumət ərizəçilərdən Nizami Abbasov, Elməddin Əhmədov və Asim Ağayevin, Şaiq Ələkbərov və Əliqulu Qəhramanlının hər birinə 2850 avro təzminat ödəyəcək.

Sərbəst toplaşma azadlığının pozulmasına dair iddialara əsaslanan “Həsənli və başqaları Azərbaycana qarşı” işində də tərəflər dostca anlaşıblar. Qərardada qeyd edilir ki, hökumət ərizəçilərdən Həsən Həsənliyə 4150 avro, Kamran Əmirov, İntiqam Fətullayev, Sahib Rüstəmli, Tofiq Zeynallı, Balamirzə Fətiyev, Adil Babayevin hər birinə 2850 avro təzminat ödəyəcək.

“Salayev və başqaları Azərbaycana qarşı” işi də eynilə sərbəst toplaşma azadlığının pozulması ilə bağlıdır. Bu işdə də tərəflər dostca anlaşıblar. Hökumət qərardada əsasən, vəkil Əsabəli Mustafayevin təmsil etdiyi ərizəçilər Zamin Salayev, Səhladar İsgəndərli, Mehdi Nağıyev, Ceyhun İslamovun hər birinə 2850 avro təzminat ödəyəcək.

“Hüseynov Azərbaycana qarşı” işində ərizəçi İlham Hüseynov Məhkəmə qarşısında sərbəst toplaşma azadlığı ilə yanaşı səmərəli hüquqi müdafiə vasitələri hüququnun pozulması ilə bağlı iddia qaldırıb. Bu işdə də tərəflər dostca anlaşıb, hökumət Hüseynova 1750 avro təzminat ödəməyi qəbul edib.

“İnsanov Azərbaycana qarşı” işində keçmiş səhiyyə naziri Əli İnsanova qarşı cinayət işinin açılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. Aihmaz.org-un məlumatına görə, daha əvvəl bir neçə cinayətə görə məhkum edilmiş, həbsxanada cəza çəkən İnsanovun cəza müddəti 20 oktyabr 2016-cı il tarixdə başa çatmalı olsa da, 24 avqust 2016-cı ildə o, qanunsuz olaraq narkotik vasitələrin, o cümlədən psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanmasında və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub.

Qaradağ Rayon Məhkəməsi 24 avqust 2016-cı il tarixli qərarı ilə ərizəçinin 20 oktyabr 2016-cı il tarixinədək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülməsinə qərar verib. 11 oktyabr 2016-cı ildə Qaradağ Rayon Məhkəməsi ərizəçinin məhkəmə baxışına qədər, 11 yanvar 2017-ci il tarixinədək həbsdə saxlanılmasına qərar verib. Sonradan ərizəçinin həbs müddəti daha iki ay uzadılıb.

Apellyasiya instansiyası həmin qərarlardan verilmiş şikayətləri rədd edib. Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi AİHM qarşısında iddia edib ki, onun cinayət törətdiyinə dair əsaslı şübhələr olmayıb, ittihamlar uydurma olub, barəsindəki həbs-qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun səbəblər mövcud olmayıb. İki ərizənin araşdırıldığı bu işdə tərəflər dostca anlaşıblar, anlaşmaya əsasən, hökumət ərizəçiyə ümumlikdə 6750 avro təzminat ödəyəcək.

Avropa Məhkəməsi bu gün həmçinin 2011-cu ildə Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyalarının təşkilatçılarından olan ilahiyyatçı Abgül Süleymanovun işi ilə bağlı qərarını elan edib. Süleymanov 2011-ci ildə “narkotik” ittihamı ilə həbs edilərək 11 il həbs cəzasına məhkum edilib. Süleymanov yerli insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

“Süleymanov Azərbaycana qarşı” işində ərizəçi ədalətli məhkəmə hüququnun, habelə dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq azadlığı hüququnun Konvensiyanın 18-ci maddəsinə zidd olaraq pozulması barədə iddia qaldırıb. Məhkəmənini qərarında tərəflərin dostca anlaşdığı və hökumətin Süleymanova 9 min avro təzminat ödəyəcəyi bildirilir.

“Mehmet Çelik və Faiq Semih Başoğlu Azərbaycana qarşı” işi Türkiyə vətəndaşları olan ərizəçilərin saxlanılması və məcburi qaydada Türkiyəyə aparılmaları ilə bağlıdır. Ərizəçilər iddia edirlər ki, onların saxlanılmaları və Türkiyəyə aparılmaları Konvensiyanın 3-cü və 5-ci maddələrinə zidd olub, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan qaydada effektiv müdafiə imkanlarına malik olmayıblar. AİHM bu ərizələri qəbul edilməz elan edib.

Məhkəmə həmçinin “Məmmədov Azərbaycana qarşı” işində ərizəçi Nazim Məmmədovun mülkiyyət hüququnun pozulmasına dair ərizəsini qəbuledilməz hesab edib.

“Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycana qarşı” işi isə Avropa Məhkəməsinin qərardadına əsasən baxılacaq işlər siyahısından çıxarılıb. Müvafiq qərardadda vurğulanır ki, məhkəmə ərizəçinin Konvensiyanın 11, 13 və 18-ci maddələrinə əsaslanan şikayətlərini hökumətlə kommunikasiya edib, ərizəçidən təqdimatını göndərməsini istəyib. Ərizəçi təqdimat üçün verilmiş müddətin artırılmasını xahiş edib, məhkəmə müddəti artırıb.

Məhkəmə qeyd edir ki, ərizəçi tərəfdən təqdimat daxil olmadığı üçün bunu ərizəçinin ərizəni davam etdirmək niyyətində olmaması kimi qəbul edib və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

Forum

XS
SM
MD
LG