Accessibility links

AİHM jurnalist Kamran Mahmudovun hüquqlarının pozulduğu qənaətinə gəlib


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 9-u Azərbaycanla bağlı 3 yeni qərarını elan edib. Məhkəmə jurnalist Kamran Mahmudovun hüquqlarının pozulduğu qənaətinə gəlib.

Kamran Mahmudov 2017-ci ildə Gürcüstana səfər edərkən sərhəd məntəqəsində saxlanılıb, daha sonra Qazax Rayon Polis Şöbəsinə aparılıb. Polis şöbəsindən eyni gündə sərbəst buraxılsa da, Mahmudovun ölkədən çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu bildirilir.

Mahmudov AİHM qarşısında hərəkət azadlığının, polis şöbəsində əsassız yerə saxlanıldığı üçün azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edib. O, qadağanın onun jurnalist fəaliyyəti ilə əlaqəli olmasını əsas gətirərək ifadə azadlığı hüququnun pozuntusunu da mübahisələndirib.

Müstəqil jurnalist Kamran Mahmudov
Müstəqil jurnalist Kamran Mahmudov

Azərbaycan hökuməti jurnalistə münasibətdə yanlışlığın baş verdiyini, ancaq dərhal aradan qaldırıldığını iddia edərək Məhkəməyə ərizənin baxılacaq işlərin çıxarılması barədə təqdimat təqdim edib. AİHM hökumətin təqdimatını rədd edib. Qərara əsasən, Kamran Mahmudova münasibətdə həm azadlıq və toxunulmazlıq, həm də hərəkət azadlığı hüquqlarının pozuntusu baş verib. Qərarda jurnalistin təzminat üçün iddia irəli sürmədiyi qeyd edilib.

AİHM-in qərar çxardığı digər bir iş isə “Əbdül Əbilov Azərbaycana qarşı” işidir. Sosial şəbəkələrdə hökumətə qarşı tənqidi fəaliyyəti ilə tanınan bloger Əbilov 2013-cü ildə mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (Bandotdel) olan mülki geyimli polislər daha sonra Əbilovun evində axtarış aparıblar.

Əbilov bildirib ki, polis əməkdaşları onun qonaq otağında olan pencəyinin cibinə narkotik maddə qoymaq istəyiblər, ancaq bunu görən anası onlara mane olub. Bununla belə polis əməkdaşı narkotik maddəni Əbilovun pencəyindən tapdığını iddia edib. Daha sonra polis əməkdaşları Əbilovu qaynı ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb və orada keçirilən axtarış zamanı onun şalvarının cibindən də narkotik maddə tapılıb.

Əbdül Əbilov 2013-cü ilin mayında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma ittihamı ilə 5,5 il müddətində azadlıqdan məhrum edilib, 2017 ci ilin martında əfv ilə azadlığa buraxılıb.

Ərizəçi AİHM-ə şikayətində azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edib. Ərizənin kommunikasiyası zamanı hökumət məhkəməyə təktərəli bəyannamə təqdim edib, ərizəçinin iddia etdiyi pozuntuları etiraf edərək ona 8 min avro təzminat ödəməyi təklif edib. AİHM bəyannaməni qəbul edərək ərizəni baxılacaq işlər sırasından çıxarılmasına dair qərar qəbul edib.

Avropa Məhkəməsinin bugün elan etdiyi digər qərar isə “İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycana qarşı” işinə aiddir ki, AİHM bu ərizəni qəbuledilməz hesab edib.

Forum

XS
SM
MD
LG