Accessibility links

Avropa Məhkəməsi Mehman Hüseynovun işi və digər işlərlə bağlı qərarlarını elan edib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 19-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə üzrə 10 qərar və qərardadını elan edib. Azərbaycan hökuməti qərarlara əsasən ümumilikdə 60 min avrodan artıq təzminat ödəyəcək.

Hüquqşünas Xalid Ağaliyevin məlumatına görə, barəsində qərar çıxarılan işlərin əksəriyyəti toplaşmaq, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiları ilə bağlıdır. AİHM işlərin əksəriyyəti barədə tərəflərin dostca anlaşmasını və ya hökumətin pozuntunu etiraf edən təktərəfli bəyanatlarını nəzərə alaraq qərar çıxarıb.

Məhkəmə bu gün bloger Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətinə dair qərarını elan edib.

Mehman Hüseynov barəsində 2012-ci ildə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq ilə əlaqədar onun ölkədən çıxışı məhdudlaşdırılıb. Məhdudiyyət sonra götürülüb. Hüseynov AİHM qarşısında hərəkət azadlığı hüququ ilə yanaşı, Konvensiyanın 10-cu və 18-ci maddələri üzrə də iddia qaldırıb.

Kommunikasiya zamanı hökumət Hüseynovun hərəkət azadlığı hüququnun pozulduğunu etiraf edib və ona 5 min avro mənəvi zərər əvəzi ödəməyi təklif edib. Ərizəçi bundan imtina etsə də, AİHM hökumətin bəyannaməsini yetərli sayıb. Qərara əsasən, hökumət Mehman Hüseynova 5 min avro təzminat ödəyəcək.

“Samir Əliyev Azərbaycana qarşı” işində isə ərizəçi məhkəməyə qədər həbs edilməsi və həbs müddətinin uzadılması barədə qərarlardan daxili məhkəmələrə şikayət edib. Daxili məhkəmələr isə ərizəçinin məhkəməyəqədər həbsdə saxlanılması üçün əsasların olmaması ilə bağlı şikayətlərini rədd edib. AİHM bu işdə ərizəçinin məhkəməyəqədər 1 il 6 ay 22 gün həbs edilməsi üçün əsasların olmadığı və beləliklə, ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozulduğu qənaətinə gəlib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5100, hüquqi xidmət əvəzi 500 avro ödəməlidir.

İfadə azadlığının pozuntusunun iddia edildiyi “Əlövsət Osmanlı Azərbaycana qarşı” işində ərizəçinin vəfat etməsi və yaxınlarının ərizənin araşdırılması ilə bağlı aydın niyyət ifadə etmədiyini nəzərə alan Məhkəmə, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib.

“Şakir Əhmədov və başqaları Azərbaycana qarşı” işi isə Konvensiyanın 11-ci maddəsinin pozuntusu iddiaları, ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və qeyri-proporsional tədbirlərin tətbiqi ilə bağlıdır. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar. AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Şakir Əhmədov, Bəxtiyar Hüseynov, İsmayıl Həsənovun hər birinə 3900, Araz Məmmədov, Ramiz Cəfərov, Cabbar Savalanlı, Nemət Abbasov, və Nurlan Eldarovun hər birinə isə 2600 avro mənəvi zərər əvəzi ödəyəcək. Ərizəçilərin hər birinə həmçinin, 250 avro hüquqi xərc əvəzi ödənilməlidir.

“Azər Qasımlı Azərbaycana qarşı” işində də Konvensiyanın 11-ci maddəsinin, toplaşma azadlığının pozulması iddiası qaldırılıb. Bu işdə tərəflər kommunikasiya zamanı dostca anlaşmadan imtina ediblər, hökumət məhkəməyə iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. AİHM-in qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəyəcək.

Bundan əlavə, “Füzuli Hüseynov Azərbaycana qarşı” və “Cavid İbrahimov və Saqif Qurbanov Azərbaycana qarşı” işlərində də toplaşma azadlığının pozulması ilə bağlı iddia qaldırılıb. Bu işlərdə tərəflər kommunikasiya zamanı dostca anlaşıblar. AİHM-in qərardadına görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərər və hüquqi xərclər əvəzi 2850 avro ödəyəcək.

“Elnur Cabbarov və Kənan Əliyev Azərbaycana qarşı” işi isə ərizəçilərin məhkəməyə qədər həbs edilməsinin qanunsuzluğu iddiaları ilə bağlıdır. Kommunikasiya zamanı tərəflərin uğursuz dostca anlaşma müzakirələrinin ardınca hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət, iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3500 avro təzminat ödəyəcək.

“Maniyev və başqaları Azərbaycana qarşı” işi inzibati icraatlar zamanı məhkəmələrin ədalətsizliyi iddiaları ilə bağlıdır. Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Emil Maniyev, Emin Axundov, Tərlan Muradov və Rəşad Abbasovun hər birinə mənəvi zərər əvəzi 1000, ərizəçilərdən Bəşir Tarıverdiyev və Cavid Hacıbəylinin hər birinə isə 2000 avro ödəyəcək. Həmçinin, hüquqi xidmətə görə hər bir ərizəçiyə 250 avro ödənilməlidir.

AİHM-in barəsində qərar çıxardığı “Solmaz Ağayeva Azərbaycana qarşı” işi isə mülkiyyət hüququnun pozuntusu ilə bağlı olsa da, məhkəmə bu ərizəni qəbuledilməz hesab edib.

Oktyabr ayının (2023) əvvəlinə görə, Avropa Məhkəməsində Azərbaycandan göndərilmiş 2 min şikayət baxılmasını gözləyir. Bu göstərici AİHM-də baxılmasını gözləyən şikayətlərin ümumi sayının 2,7 faizini təşkil edir.

Forum

XS
SM
MD
LG