Accessibility links

Avropa Şurasının nümayəndə heyəti Azərbaycanda AİHM qərarlarının icrası ilə bağlı müzakirələr aparıb


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa Şurası katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının İnsan Hüquqları üzrə direktoru Kristof Puarelin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edərək Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası ilə bağlı hakimiyyət orqanları ilə müzakirələr aparıb.

Avropa Şurasının bu gün, sentyabrın 11-də yaydığı məlumatda bildirilir ki, 4-5 sentyabr tarixlərində Bakıda olan nümayəndə heyəti Azərbaycan Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş Prokurorluq, Ombudsman Aparatı və Prezident Administrasiyasında səmərəli görüşlər keçirib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası Departamentinin də iştirak etdiyi görüşlərdə “Məmmədli qrupu” işləri də daxil olmaqla Azərbaycanla bağlı icrasına nəzarət edilən AİHM qərarlarına və onların icrası üçün atılmalı olan ümumi və fərdi tədbirlərə dair müzakirələr aparılıb.

Azərbaycan hakimiyyət orqanları AİHM-in müvafiq qərarlarının icrası üçün görülən və ya nəzərdə tutulan tədbirlər haqqında məlumat təqdim ediblər. Hökumət həmçinin Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə dair uzunmüddətli tövsiyələrinin həyata keçirilməsi və bu sahədə yaranmış problemlərin həlli məqsədilə Məhkəmə-Hüquq Şurası haqqında Qanuna edilmiş son dəyişikliklər barədə məlumat verib.

Azərbaycan Konstitusiya Məhkəməsinin məlumatına görə, Avropa Şurasının nümayəndə heyəti ilə görüşdə tərəflər arasında səmərəli hüquq əməkdaşlığının davam etdirilməsinin vacibliyi qeyd edilib, məhkəmə-hüquq sahəsində aparılan islahatlar, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrə, habelə AİHM ilə əməkdaşlığın əhəmiyyətinə toxunulub.

Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında AİHM qərarlarının icrasına dair ən pis göstəriciyə sahib olan ölkədir. Avropa Şurasının son hesabatına əsasən, Məhkəməninin Azərbaycanla bağlı çıxardığı qərarların 76 faizi icra edilməyib.

Avropa Şurası Parlament Assambleyası AİHM qərarlarının icrasının gecikdirilməsi ilə bağlı bu ilin aprel ayında qəbul etdiyi qətnaməsində Azərbaycan hökumətinə problemin həlli üçün çağırış edib.

Avropa Şurasının Nazirlər Komitəsi, AŞPA Monitorinq Komitəsinin Azərbaycanla bağlı həmməruzəçiləri də Azərbaycanda qərarlarının icrasının gecikdirilməsi ilə bağlı dəfələrlə narahatlıq ifadə ediblər.

Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində ötən il “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” adlı layihəyə start verilib. Layihə strateji sahələrdə islahatlar, əməkdaşlıq proqramları vasitəsilə Azərbaycanın milli qanunvericiliyinin, institutlarının və təcrübələrinin Avropa Şurası standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Ancaq Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar və vətəndaş cəmiyyəti üzvləri bu cür layihələrin adətən nəticəsiz qaldığını bildirir.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Avropa Məhkəməsinin qərarlarının Azərbaycanın Sovet İttifaqından çıxdığı dövrdən bu yana ortada qalan, oturuşan sistemli problemləri üzə çıxardığını bildirib.

“Biz Avropa Məhkəməsinin qərarlarına baxdıqda Azərbaycanda ən çox pozulan hüquqları sıralasaq, məsələn ədalətli məhkəmə araşdırılması hüququ gəlir. Azadlıq və toxunulmazlıq hüququnun pozuntuları gəlir. Daha sonra seçki hüququnun pozuntuları gəlir. Bunlar elə pozuntlardır ki, bunu ortadan qaldırmaq üçün mütləq siyasi iradə lazımdır. Bu olmadıqca biz Avropa Məhkəməsinin qərarlarının icrasında ciddi tərəqqi əldə olunacağını görməyəcəyik”, Xalid Ağaliyev vurğulayıb.

Forum

XS
SM
MD
LG