Accessibility links

Hüquq müdafiəçisinin polis tərəfindən axtarıldığı bildirilir


Elçin Məmməd
Elçin Məmməd

Polis “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Elçin Məmmədin Sumqayıt şəhərindəki evinə gələrək onu axtardığını bildirib.

“Bir neçə gün öncə polislər evimizə gəldi, Elçini axtardıqlarını bildirdilər. Onun harada olduğunu soruşdular. Dedik ki, Elçin aylar öncə müalicə olunmaq üçün xaricə gedib”, bu barədə hüquq müdafiəçisinin ailəsindən Amerikanın Səsinə deyiblər.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi bildirir ki, Elçin Məmməd xuliqanlıqda ittiham edilir və guya bir şəxsi döyüb.

“Belə ki, bir neçə dəfə mənzilinə gələn polis əməkdaşları onun polis bölməsinin çağırışına gəlməsinin vacibliyini deyiblər. Bildirilib ki, barəsində şikayət var və araşdırma aparılır. Hüquq müdafiəçisi artıq bir neçə dəfədir ki, polisə çağrılır. Elçin Məmməd guya bu ilin yayında adı çəkilən şəxsə qarşı fiziki zorakılıq göstərib və həmin şəxs də ondan şikayət edib. Polisdən bildirilib ki, iş materialları artıq istintaq idarəsinə verilib və orada araşdırma aparılacaq”, məlumnatda qeyd edilir.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi bildirir ki, Elçin Məmməd qeyd edilən vaxtda səhhəti ilə əlaqədar Gürcüstanda müalicə alıb və hələ də müalicələri davam edir.

“Onun kimisə döyməsi isə praktiki olaraq mümkün deyil. İş materiallarının istintaqa təhvil verilməsi isə artıq hüquq müdafiəçisi barəsində cinayət işinin açılacağı və istənilən vaxt həbs oluna biləcəyi deməkdir. Ölkədə qəribə hadisələr baş verir və heç nəyi əvvəlcədən proqnozlaşdırmaq olmur. Sön günlər baş verənlərin fonunda keçmiş siyasi məhbusa qarşı bu cür ittihamlar Elçin Məmmədin yenidən həbs ediləcəyini gündəmə gətirir”, hüquq müdafiə təşkilatı qeyd edir.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi bildirir ki, bir neçə ay bundan qabaq da polis əməkdaşları onun yaşadığı mənzilə gəlib və Elçin Məmmədin qonşularından onun harada olması ilə maraqlanıb.

“Elçin Məmməd hazırda ölkədə deyil və hələ dönmək fikri də yoxdur”, məlumatda deyilir.

Hüquq müdafiəçisinin polis tərəfindən axtarılması onun sosial platformalarda hökumətin insan haqları ilə bağlı siyasətini sərt tənqidlərindən sonraya təsadüf edir.

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisinin hansı səbəbdən axtarılması ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" QHT-nin rəhbəri və "Yüksəliş Naminə" saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs olunub. Elə həmin il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi onu "oğurluq" və "qanunsuz döyüş sursatı və silah saxlamaq"da təqsirli bilərək, 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Elçin Məmməd 2022-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən qeyd olunan 16 siyasi məhbusdan biri olub.

O, 2023-cü ilin mayında prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.

Forum

XS
SM
MD
LG