Accessibility links

Hüquq müdafiəçisi aclığı davam etdirir


Elçin Məmməd
Elçin Məmməd

İyulun 27-də Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd aclığı davam etdirir. O, həbsdən azad olunmasını tələb edir.

Elçin Məmmədin anası Rəhilə Məmmədli Amerikanın Səsinə deyib ki, bu gün 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi ilə görüşüb.

"O, oğlumun aclığı davam etdirdiyini və hazırda karsda (cərimə təcridxanasında) digər məhbuslardan ayrı saxlanıldığını bildirdi. Elçin görüşə gəlməmişdi. Müəsisəsinin rəisi oğlumun ədalət bərpa edilənədək aclığı davam etdirəcəyini bəyan etdiyini dedi. O, Azərbaycan vətəndaşlığından imtina edir və Avropa ölkələrinin birindən sığınacaq istəyir. Buna səbəb kimi Azərbaycan məhkəmələrinin onun barəsində ədaltsiz və qərəzli qərar qəbul etməsini göstərir" , ana Amerikanın Səsinə deyib.

Rəhilə Məmmədli deyib ki, oğlu xəstəliklərdən əziyyət çəkir.

"Oğlum hepatit C daşıyıcısıdır, bronxit xəstəsidir. Onun böyrəkləri yaxşı işləmir, prostat vəzində problem var, ayaqları şişib, əlləri əsir".

İyulun 1-də birinci instansiya məhkəməsində Məmmədin cəzasının yarısını çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı yeni müraciəti üzrə dinləmələr keçiriləcək.

"Lakin artıq Penitensiar Xidmətin Komissiyası onun cəzasının yüngülləşdirilməsi ilə bağlı mənfi rəy verib. Elçin Məmməd hesab edir ki, formal məhkəmədən sonra onun şikayəti yenidən rədd ediləcək. Elçin Ali Məhkəmənin də ədalətliliyinə inanmır" , o qeyd edib.

Elçin Məmmədin rəhbərlik etdiyi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" qeyri-hökumət təşkilatı bildirib ki, iyulun 13-də Ali Məhkəmə Məmmədin cəzasının üçdə bir hissəsini çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtinaya dair kassasiya şikayətinə baxacaq.

Bununla yanaşı, Elçin Məmmədin aclığa başlaması ilə bağlı məlumata Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" qeyri-hökumət təşkilatının rəhbəri və "Yüksəliş naminə" saytının redaktoru Elçin Məmmədi "oğurluq", "hərbi sursat və silahların qanunsuz saxlanmasında” təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG