Accessibility links

Ictimai fəalın həbsdən azad olunması üçün BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət edilib


Elçin Məmməd
Elçin Məmməd

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinə müraciət edərək sözügedən qeyri-hökumət təşkilatının həbsdə olan rəhbəri Elçin Məmmədin həbsdən azad olunmasına yardım etməyə çağırıb.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin rəhbəri, "Yüksəliş naminə" saytın redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs edilib və 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin oğurluq və qanunsuz silah-sursat saxlamaq ittihamı əsasında çıxardığı hökmlə 4 il müddətinə azadlıqdan məhrum edilib. Yerli məhkəmələr onun hökmdən şikayətlərini rədd edib və o Avropa İnsan Hüquqları Məhkəməsinə cinayət təqibinin qanunsuz olmasının tanınması üçün şikayət verib.

Amnesty International, PEN, FİACAT və digər beynəlxalq hüquq müdafiə təşkilatları Elçin Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin müraciətində deyilir ki, Məmmədin həbsinin əsl səbəbi onun Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatları, sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları, korrupsiya faktlarını ifşasıdır.

Müraciət müəllifləri Birləşmiş Millətlər Təşkilatı Komitəsini fəalın həbsinin qanunsuz olması barədə yekun qərar qəbul edilməsindən öncə onun şərti azadlığa buraxılmasına nail olmağa çağırır.

XS
SM
MD
LG