Accessibility links

Dövlət Departamenti: ABŞ siyasi məhbusların azad olunmasına yardım etməkdən ötrü “mümkün olan hər şeyi edəcək”


FILE - State Department spokesperson Ned Price speaks during a briefing at the State Department in Washington, Nov. 2, 2022.
FILE - State Department spokesperson Ned Price speaks during a briefing at the State Department in Washington, Nov. 2, 2022.

“ABŞ dünyada bütün siyasi məhbusların, heç bir səbəb olmadan saxlanılan siyasi məhbusların azad edilməsinə kömək etmək üçün “mümkün olan hər şeyi” edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays yanvarın 12-də keçirilən ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda bildirib.

“Biz həmin şəxslərin bu gün azadlığa buraxılmasını istəyirik. Biz ardıcıl olaraq indiyədək etdiyimiz kimi, dünyada bütün siyasi məhbusların azad edilməsi, insanların səbəb olmadan tutulmaması üçün işləməyə davam edəcəyik”, o qeyd edib.

Ned Prays siyasi məhbusların, o cümlədən azərbaycanlı Elçin Məmmədin azad edilməsi üçün ABŞ-ın son təşəbbüsü ilə bağlı bildirib ki, bu siyasi məhbusların, heç bir səbəb olmadan həbsdə olan insanların, qanunla qorunan fəaliyyətlərinə görə həbs olunan insanların qarşılaşdığı problemlərə parlaq işıq salmaq, diqqəti cəlb etmək səyidir.

“Çünki hökumət və ya rejimin gözündə onlar təhlükə yaradırlar. Bizim üçün bu qəbuledilməzdir və apardığımız kampaniya bir taktikadır. Həmin kampaniyanın tərkib hissəsi kimi vurğulanan şəxslər, təbii ki, dünyadakı bütün siyasi məhbusların məcmusu deyil. Onların sayı minlərlədir. Burada söhbət etdiyimiz siyasi məhbuslar çağırışı kiçik bir mikrohissədir”, o qeyd edib.

Azərbaycanlı jurnalist və hüquqşünas, hüquq müdafiəçisi Elçin Məmməd ABŞ Dövlət Departamenti tərəfindən qeyd olunan 16 siyasi məhbusdan biridir. O, 2020-ci ilin martında ölkədə insan hüquqlarının vəziyyətini tənqid edən hesabatın dərcindən qısa müddət sonra həbs olunub və 4 il müddətinə azadlıqdan məhrum edilib.

"Ədliyyə sistemindən ədalətə nail olmaq üçün istifadə edilməlidir, insan hüquqlarını müdafiə edənləri cəzalandırmaq üçün yox. Elçin Məmməd və digər siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”, Dövlət Departamentinin bəyanatında deyilir.

Azərbaycan hüquq-müdafiə təşkilatlarının məlumatlarına görə, hazırda ölkədə yüzdən çox siyasi məhbus var.

Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəhbərləri insanların qanun qarşısında bərabər olduğunu və siyasi əqidəsinə görə təqib edilmədiyni bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib və bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

XS
SM
MD
LG