Accessibility links

Ombudsmanın hesabatına hüquq müdafiəçilərinin tənqidi baxışları


Ombudsman Səbinə Əliyeva
Ombudsman Səbinə Əliyeva

Martın 5-də Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini qəbul edib.

İllik məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib. O bildirib ki, ötən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub.

“Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”, Əliyeva qeyd edib.

Ombudsman bildirib ki, uşaqların, xüsusilə qızların təhsildən yayındırılması, erkən evlilik, cəmiyyətdə, ailədə və təhsil müəssisələrində uşaqlara qarşı baş verən zorakılıq halları ciddi narahatlıq doğurur.

Məruzədə Bakı şəhərində, onun ətrafındakı ərazilərdə zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsi təklif edilib.

O, son illərdə müharibə gedən xarici ölkələrdən, xüsusilə İraq və Suriyada döyüşən silahlı dəstələrin girovluğunda olanların ölkəyə gətirilməsindən danışarkən deyib ki, 2023-cü il ərzində 13-ü qadın, 47-i uşaq olmaqla, 60 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya olunub.

“Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində İraq və Suriyadan ümumilikdə 469 uşaq və qadının repatriasiyası həyata keçirilib”.

Ombudsman Əliyeva işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzalar barədə bildirib ki, ölkə üzrə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə 347 başçəkmə həyata keçirilib.

“2.500 nəfər üçün nəzərdə tutulmuş 1 saylı Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1.050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1.400 nəfərin saxlandığı, 1.200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1.411 məhkumun cəza çəkdiyi müəyyən edilib”, o bildirib.

Səbinə Əliyeva deyib ki, il ərzində barəsində həbs qətimkan tədbiri seçilmiş 100-dən çox şəxs sonradan məhkəmənin qərarı ilə bəraət alıb.

“Bəzi illərdə 200-dək təqsirləndirilən şəxsin bəraət almasına baxmayaraq, cinayət prosesi gedişində həmin şəxslər barəsində həbs qətimkan tədbiri nəinki tətbiq edilib, bir sıra hallarda həm də uzadılıb”, ombudsman bildirib.

Statistik məlumata əsasən, cinayət törətmiş, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı getdikcə artmaqdadır.

“Belə ki, bu rəqəm 2020-ci ildə 2.859, 2021-ci ildə 4.374 olub, 2022-ci ildə isə 5.127 nəfərədək artıb. Odur ki, aidiyyəti dövlət qurumları tərəfindən təhlillər aparılmalı, eyni şəxsin təkrar cinayət törətməsinə gətirib çıxaran səbəb və şərtlərin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır”, o qeyd edib.

Vəkillər cəzaçəkmə müəssisəsinin qarşısında gözləyir (Mənbə: VOA. Ariv foto)
Vəkillər cəzaçəkmə müəssisəsinin qarşısında gözləyir (Mənbə: VOA. Ariv foto)

Ombudsman həmçinin bir sıra hallarda tutulan şəxslərin vəkilləri ilə görüşünə imkan verilməməsindən narahatdır.

“Tutulmuş, həbs edilmiş şəxslərin polis orqanlarında vəkilləri ilə müvafiq order təqdim edilməsinə baxmayaraq, görüşlərinə maneə yaradılması ilə bağlı müraciətlər Bakı şəhərinin Xətai, Nəsimi, Nizami, Binəqədi Rayon Polis idarələrindən, habelə Abşeron Rayon Polis İdarəsindən, eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən olub. Bəzi hallarda polis orqanlarındakı sənədləşmədə olan nöqsan və çatışmazlıqlar qeydiyyat işinin düzgün təşkil edilməməsini, şəxslərin saxlanılması ilə bağlı prosessual müddətlərə riayət edilib-edilməməsini müəyyənləşdirməkdə çətinliklərə səbəb olur və bir çox hallarda belə pozuntuların aşkarlanmamasına xidmət edir”, ombudsmanın hesabatında qeyd edilir.

Onun dediyinə görə, müvəqqəti saxlama yerlərində (MSY) aşkar edilən nöqsanlardan biri də tutulmuş və ya həbs edilmiş şəxslərin kameralara onların əvvəlki məhkumluğu, səhhəti nəzərə alınmadan yerləşdirilməsi ilə bağlı olub.

“Belə ki, Nizami RPİ-yə başçəkmə zamanı daxili intizam qaydalarına zidd olaraq, ilk dəfə tutulan şəxslərin əvvəllər məhkumluğu olan şəxslərlə bir kamerada saxlanıldığı müşahidə edilib. Milli Prventiv Qqrupun üzvləri eyni hala Xətai RPİ, Səbail RPİ, Şəmkir RPŞ və Ağstafa RPŞ-nin müvəqqəti saxlama yerlərində də rast gəlib”.

Bakıda polis quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiyanı dağıdıb.
Bakıda polis quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiyanı dağıdıb.

“İnformasiya əldə etmək haqqında” Qanunun icrasından danışan Əliyeva deyib ki, monitorinq və araşdırmalar nəticəsində əksər dövlət qurumları tərəfindən internet informasiya ehtiyatlarının yaradılması sahəsində ciddi irəliləyişlərin əldə edildiyi müəyyən olunub.

“Bununla belə, hələ də bəzi qurumların yaratdıqları informasiya ehtiyatları qanunvericiliyin tələblərinə cavab vermir”, o qeyd edib.

Ombudsman hesab edir ki, məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədilə icra məmurlarının fəaliyyətinə nəzarətin artırılması, icra intizamına qanunla müəyyən edilmiş qaydada əməl olunması və məsuliyyət hissinin artırılması, süründürməçiliyə yol verilməsi hallarının qarşısının alınması istiqamətində işlər daha da gücləndirilməlidir.

“İstər 2023-cü ildə, istərsə də əvvəlki illərdə ombudsmanın ünvanına daxil olan müraciətlərin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrası sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var”.

Ombudsman həmçinin hesab edir ki, vəkillərin hüquqlarını müdafiə etdikləri saxlanılan şəxslərlə görüş və hər hansı məhdudiyyət qoyulmadan konfidensial ünsiyyət saxlaması üçün təcrübədə yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər görülməlidir.

Ombudsmanın hesabatında sosial, iqtisadi, təhsil, səhiyyə sahəsində hüquqlar, hərbi qulluqçuların, o cümlədən əlillərin, müharibə iştirakçılarının hüquqlarından da bəhs edilir.

Hüquq müdafiəçiləri ombudsmanın məruzəsində siyasi hüquqların pozuntularından geniş bəhs edilməməsindən narahatdır. Onlar bu sırada tolaşmaq və birləşmək azadlığı, seçki hüququ, siyasi məhbuslar, media azadlığı hüququ, jurnalistlərin həbsini önə çəkib.

Elşən Həsənov
Elşən Həsənov

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, ombudsman Azərbaycanda siyasi məhbus olmadığını bildirir.

Elşən Həsənov: Ombudsmanın siyasi məhbus yoxdur deməsi qəbul edilən deyil
please wait

No media source currently available

0:00 0:03:25 0:00

“Azərbaycan sovet üsulu ilə idarə olunur. Hakimiyyət, Milli Məclis ölkədə siyasi məhbusların olmadığını bildirir. Bunlar bir komandanın üzvləridir, belə deməlidirlər, bunu başa düşürəm. Amma ombudsman, yəni ölkənin bir nömrəli hüquq müdafiəçisinin belə söz deməsi heç cür qəbul edilən deyil”, o qeyd edib.

Onun dediyinə görə, 2018-ci ildə prezident 52 nəfər şəxsi əfv edəndə hamı prezidenti siyasi məhbusları azad etdiyinə görə alqışlayıb.

“İndi ombudsmanın ölkədə gedən proseslərdən xəbəri yoxdur? Azərbaycanda olan siyasi məhbusları ölkədəki müstəqil hüquq müdafiəçiləri görür, Avropa Şurası, Avropa Parlamenti, ABŞ Dövlət Departamenti görür, amma ölkənin bir nömrəli hüquq müdafiəçisi görmür?” o sual edib.

Hüquq müdafiəçisi həbsdə olan dindarların hüquqlarının müdafiəsinə gəlincə deyib ki, bu günlərdə siyasi məhbusların yeni siyahısını açılayacaqlar.

“Yenilənmiş siyahıda dindarların sayı yenə də artıb. Onlar narkotik ittihamı ilə həbs edilir, İrana casusluqda günahlandırılırlar”, o qeyd edib.

Həsənovun dediyinə görə, istər siyasi məhbuslar, istər digər məhbuslar işgəncələrə məruz qalır.

“Bunları bütün ölkə bilir, amma ombudsman bilmir?” o qeyd edib.

Rüfət Səfərov -hüquq müdafiəçisi
Rüfət Səfərov -hüquq müdafiəçisi

“Müdafiə Xətti” hüquq müdafiə təşkialtının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, ölkədəki siyasi sistemin mahiyyəti ombudsmanın müstəqil fəaliyyətinə imkan vermir.

Rüfət Səfərov: Pis rəftarlar, işgəncə halları öz apogeyinə çatıb
please wait

No media source currently available

0:00 0:02:46 0:00

“Xüsusilə də son bir ildə respublikada repressiv tədbirlər, siyasi ağırlığa malik olan inzibati cinayət təqibləri və bunun yanında pis rəftarlar, işgəncə halları öz apogeyinə çatıb. Çox təəssüf ki, zaman-zaman ombudsman aparatından qeyd olunan xüsusatlara dair adekvat reaksiyaları görməmişik. Hesabatın mətnində də bu kimi məsələlər xüsusi ağırlığa malik deyil”, o qeyd edib.

Səfərov hesab edir ki, Azərbaycanda sərt avtoritar idarəetmə mövcuddur.

“Belə bir şəraitdə ombudsman aparatı, həmçinin xanım Səbinə Əliyeva tam sərbəst surətdə ortaya fəaliyyət qoya bilməz. Baxın, ölkədə jurnalistlər həbsdədir. Abzas Media təm şəkildə cəmiyyətdən təcrid olunub. Kanal13-ün Bakı bürosunun rəhbəri həbsdədir. Blogerlər, hüquq müdafiəçiləri, partiya sədrləri, ekologiya məhbusu, bütün bunlarla bağlı hesabatda məlumat əks olunubmu? Təbii ki, yox. Hər saat Bakıda, perefiriyalarda, yəni ölkə boyu dindarlara, iananclı insanlara qarşı təqiblər baş verir. Bunlarla bağlı ombudsmanın hesabatında bir narahatçılıq ifadələri varmı? Təbii ki, yoxdur”, o deyib.

Hüquq müdafiəçisi hesab edir ki, ombudsman ölkədəki repressiv siyasətlə, siyasi ağırlıqlı həbslərlə bağlı adekvat siyasət yürütmür.

“Bu isə ondan irəli gəlir ki, artıq ölkədə avtoritaizmdən daha sərt sistemə, diktaturaya keçid dövrünü yaşayırıq. Bundan da irəli gələrək artıq beynəlxalq təşkilatlar Azərbaycanı azad olmayan ölkələr siyahısına əlavə edib”, Səfərov qeyd edib.

Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Elçin Sadıqov həbsdə olan çoxsaylı siyasi məhbus kimi tanınan insanların, həmçinin jurnalistlərin hüquqlarını müdafiə edir. O, il ərzində dəfələrlə ombudsmana müraciətlər edib.

Elçin Sadıqov: Ombudsman sadəcə şikayət etdyimiz orqanın cavabını bizə göndərir
please wait

No media source currently available

0:00 0:01:11 0:00

“Qanunvericilikdə də boşluqlar var. Ombudsmanın özü müraciətləri araşdıra bilmir. Məlum orqana sorğu göndərir ki, qanun pozuntusu ilə bağlı məlumat versin. Həmin orqan da arayış formasında ombudsmana hansısa bir cavab verir. Ombudsman sadəcə olaraq şikayət etdyimiz orqanın cavabını bizə göndərir”, vəkil Amerikanın Səsinə deyib.

Sadıqovun sözlərinə görə, Ombudsmanın Milli Preventiv Qrupu həbsdə olan jurnalistlərlə bir neçə dəfə görüşüb.

“Onlar həm Ülvi Həsənli, həm Sevinc Vaqifqızı ilə görüşüblər. O zaman telefon danışıqlarına qadağalar qoyulmuşdu. Amma görüş nəticəsində problem həll olunmadı”.

Vəkil həmçinin deyib ki, ombudsman yenə də müraciət edəcəkləri yeganə instansiya olaraq qalır.

“Onlar yenə də bəzi yüngül məsələlərdə kömək edə bilirlər”, Sadıqov qeyd edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG