Accessibility links

Anar Məmmədlinin apellyasiya şikayəti təmin olunmayıb


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Mayın 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədriliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlinin və valideynlərinin yaşadığı mənzillərdə axtarışın aparılması ilə bağlı verilmiş şikayətə baxılıb. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə iddia təmin edilməyib, Anar Məmmədli isə məhkəməyə gətirilməyib.

Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun və atasının evində axtarış aparılıb.

Anar Məmmədlinin saxlanılması ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırışından bir gün sonraya təsadüf edib.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Anar Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.

Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın Sputnik.Azərbaycan saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Forum

XS
SM
MD
LG