BP-Azerbaijan Şahdəniz qaz-kondensat yatağındakı Alpha dəniz platformasında əməliyyatları qaz kondensatının nəqli üçün istifadə olunan sualtı qaz boru kəmərində baş verən texniki nasazlıq səbəbilə dayandırıb.
Bu barədə yanvarın 10-da BP şirkətinin sözçüsü Tamam Bayatlı bildirib.
"Platformanın özündə hər hansı problem yoxdur. Texniki nasazlıq Alpha platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində aşkar edilib. Ehtiyat tədbiri olaraq, platformada əməliyyatlar dayandırılıb”, Bayatlı qeyd edib.
Bayatlı vurğulayıb ki, platforma, onun personalı və əlaqəli qurğular tam təhlükəsizlikdədir.
"Problemin ən qısa zamanda həlli üçün bütün zəruri işlər görülür", o bildirib.
Bakıdan 70 kilometr cənub-şərqdə, Xəzər dənizinin cənub hissəsində yerləşən Şahdəniz yatağı ilk dəfə 1954-cü ildə sovet geoloqları tərəfindən kəşf edilib. Bu ərazi, geoloji baxımdan, Xəzər dənizinin qalan hissəsindən Böyük Qafqaz və Köpetdağ dağ quruluşlarının sualtı davamları ilə ayrılan Cənubi Xəzər Çökəkliyinə aiddir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə Azərbaycan parlamentində ratifikasiya olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator –29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Şahdəniz yatağından 3,1 milyon ton qaz kondensatı hasil edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,1% azdır.
Şahdəniz yatağı Azərbaycanı əhəmiyyətli enerji ixracatçısına çevirən əsas layihələrdən biri hesab olunur, xüsusən də təbii qazın Avropaya çatdırılması üçün istifadə edilən Cənub Qaz Dəhlizi vasitəsilə.