Accessibility links

Bu il Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi açıqlanıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Avropaya 11,7 milyard kubmetr qaz ixrac olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında bildirib.

Məlumata görə, bu dövr ərzində Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz ixrac olunub.

Onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 5,1 milyard kubmetr qaz nəql edilib.

Bu ilin 11 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5% çoxdur”, nazir qeyd edib.

Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı - SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş nüziri ilə görüşdə deyib ki, Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birlikdə Energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb.

Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, ilin birinci yarısında qaz hasilatı artsa da, neft və kondensat hasilatı 800 min tondan çox azalıb.

"Azərbaycan hökuməti cari ilin dövlət büdcəsini qəbul edərkən 2024-cü ildə ölkədə 29,6 mln ton neft və kondensat hasil edəcəyini proqnozlaşdırmışdı. Amma ilin ilk yarısının nəticələri onu göstərir ki, hasilat 29 milyon tondan aşağı səviyyəyə qədər azala bilər. Ötən il ölkədə 30,1 mln ton çıxarılmışdı", o qeyd edib.

Cənub Qaz Dəhlizi haqqında

Cənub Qaz Dəhlizi Azərbaycan prezidenti İlham Əliyevin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,"Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

Forum

XS
SM
MD
LG