Sentyabrın 6-da Avropa İttifaqı "Laçın dəhlizi ətrafında baş verən son hadisələrlə bağlı" bəyanatla çıxış edib. Sənəddə Azərbaycan və Ermənistan danışıqları davam etdirməyə çağırılır.
"Avropa İttifaqı Laçın dəhlizi boyunca sərbəst hərəkətin məhdudlaşdırılmasının davam etməsini və Qarabağ ermənilərinə təsir edən ciddi humanitar və təhlükəsizlik nəticələrini böyük narahatlıqla izləyir", bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, "9 aya yaxındır Laçın dəhlizi ilə hərəkət pozulur, iyunun 15-dən isə tibbi evakuasiyalar istisna olmaqla, dəhliz demək olar ki, tamamilə bağlanıb".
"Nəticədə tibbi ləvazimatlar və zəruri mallar kəskin şəkildə qıtdır və ya artıq tükənib, yerli əhali üçün ağır nəticələrə səbəb olur. Aİ Beynəlxalq Qızıl Xaç Komitəsinin regiondakı fəaliyyətinə ciddi maneələr törətdildiyinə görə təəssüflənir və humanitar yüklərin daşınması da daxil olmaqla, onların tam və sürətlə bərpasına çağırır", bəyanatda qeyd edilir.
Avropa İttifaqı Laçın dəhlizi boyunca hər iki istiqamətdə hərəkətin azadlığını və təhlükəsizliyini təmin etmək və böhranın daha da genişlənməməsinə təminat vermək çağırışını təkrarlayır.
"Aİ Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə malların tədarükünə hazır olduğunu qeyd edib. Aİ qəti şəkildə inanır ki, Laçın dəhlizinin bloku keçmiş razılaşmalara və Beynəlxalq Məhkəmənin qərarına uyğun olaraq açılmalıdır".
Sənəddə deyilir ki, Aİ son aylarda Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhəddə artan gərginliyi yaxından izləyir və hər gün demək olar ki, atışma hadisələri baş verir.
"Biz bütün tərəfləri növbəti insidentlərin qarşısını almağa və dialoqa dair öhdəlik götürməyə çağırırıq. Aİ-nin Ermənistandakı missiyası (EUMA) vəziyyəti yerində müşahidə etmək və hesabat vermək üçün Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin Ermənistan tərəfində patrul xidməti həyata keçirir. Missiyanın məqsədi münaqişənin həllinə töhfə vermək və Ermənistan və Azərbaycan arasında inam və etimadın yaradılmasıdır", bəyanatda qeyd edilir.
Aİ bütün tərəflər arasında təmkin və dialoq çağırışlarını təkrarlayır.
"Yerli mülki əhalinin rifahı naminə regionda davamlı sülh və sabitliyi təmin etmək üçün Ermənistan və Azərbaycan arasında etimadın bərpası üçün davamlı səylər lazımdır. Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında tez bir zamanda dialoqun qurulması xüsusilə, ərazidəki humanitar böhranın həlli, eyni zamanda, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi və digər məsələlərlə bağlı mühüm əhəmiyyət kəsb edir".
Aİ həmçinin qeyd edir ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili mövcud humanitar problemlərin aradan qaldırılmasına kömək etmək üçün bütün müvafiq həmsöhbətlərlə əlaqə saxlamağa hazırdır.
Aİ, xüsusən də Avropa Şurasının prezidenti Çarlz Mişel Ermənistan və Azərbaycan arasında normallaşma prosesini dəstəkləmək üçün ciddi şəkildə məşğul olub.
2023-cü il iyulun 15-də prezident Mişel tərəfindən Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla keçirilən son üçtərəfli görüşdə iki ölkə liderləri sülh prosesinə möhkəm sadiq olduqlarını bir daha bəyan ediblər.
"Onlar digər ölkənin ərazi bütövlüyü və suverenliyinə tam hörmət etdiklərini və sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılmalıdır. Delimitasiya üzrə gələcək əhəmiyyətli irəliləyiş gərginliyin azaldılmasında, beynəlxalq sərhəddə anlaşılmazlıqların və insidentlərin qarşısının alınmasında mühüm amildir. Sülh və normallaşma danışıqları üçün əlverişli mühit yaratmaq üçün zorakılıq, təhdidlər, sərt ritorika və dezinformasiyanın yayılması dayandırılmalıdır. Yaxşı niyyətlə dialoqa sadiqlik həmişə olduğu kimi aktual olaraq qalır. Bu, bütün tərəflərin danışıqlar nəticəsində əldə edilməsi istiqamətində işləmək üçün həqiqi öhdəlik tələb edir. Humanitar məsələlər həll edilməli və etimadın bərpası üçün təcili olaraq konkret addımlar atılmalıdır".
Sənəddə qeyd edilir ki, Aİ Ermənistan və Azərbaycan arasında dialoqun asanlaşdırılmasına və regiondakı bütün insanların rifahı naminə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərini dəstəkləməyə tam sadiqdir.
"Biz Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün son aylarda yaranmış sürəti itirməməliyik. Danışıqların davam etdirilməsi vacibdir", bəyanatda deyilir.
Avropa İttifaqının bəyanatı bölgədə gərgin vəziyyətin davam etdiyi vaxta təsadüf edir.
Azərbaycan hökumətinin əvvəllər Ermənistanın Qarabağa təmas xətti olan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmasından sonra rəsmi Yerevan və Qarabağ erməniləri regionun blokadaya düşdüyünü və ərazidə humanitar böhran yarandığını bildirir. Onların sözlərinə görə, Ermənistandan gələn yüklərin əraziyə buraxılmaması Qarabağda ərzaq və dərman çatışmazlığına yol açıb.
Azərbaycan hökuməti Laçın yolunda sərhəd buraxılış məntəqəsinin qurulmasını özünün suveren hüququ kimi dəyərləndirib və erməni tərəfini əvvəllər yoldan sui-istifadə edərək əraziyə minalar, hərbi heyət və silah daşımaqda günahlandırıb.
Azərbaycan Qarabağ ermənilərinin ehtiyaclarının ödənməsi üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib.
Bir sıra Qərb dövlətləri, o cümlədən Fransa və Birləşmiş Ştatlar rəsmi Bakını Laçın yolunda sərbəst gediş-gəlişi bərpa etməyə çağırıb.