Accessibility links

Aİ Azərbaycan və Ermənistan arasında son silahlı qarşıdurmadan təəssüfləndiyini bildirib


Avropa İttifaqı Azərbaycan və Ermənistan arasındakı son silahlı qarşıdurma ilə bağlı təəssüfünü ifadə edib.

“Aİ Ermənistan və Azərbaycan arasındakı sərhəd bölgələrində bir neçə hərbçinin həlak olması və yaralanması ilə nəticələnən son silahlı toqquşmalardan təəssüflənir. Aİ bütün tərəfləri zorakılıqdan çəkinməyə və dialoqu davam etdirməyə çağırır”, İttifaqın xarici məsələlər üzrə baş sözçüsü Peter Stano qeyd edib.

Sentyabrın 1-i Azərbaycan və Ermənistanın delimitasiya edilməmiş şərti sərhəddinin Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis rayonunun Zod kəndi istiqamətində silahlı qarşıdurma qeydə alınıb. Bu barədə hər iki ölkənin müdafiə nazirlikləri məlumat yayıb və insidentə görə qarşı tərəfi günahlandırıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, silahlı qarşıdurma nəticəsində Ermənistanın 3 hərbçisi həlak olub, daha ikisi yaralanıb. Azərbaycan tərəfi isə üç hərbçinin yaralandığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 2-si Ermənistan silahlı qüvvələrinin yenidən Azərbaycanın mövqelərini atəşə tutduğunu bildirib. Ermənistan Müdafiə Nazirliyi isə bu məlumatı yalanlayıb, cəbhə xəttində vəziyyətin nisbətən sabit olduğunu qeyd edib.

Ötən gün Avropa İttifaqı bəyanat yayaraq Aİ Şurasının prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam etdiyini və son həftələrdə Qarabağ ermənilərinin humanitar vəziyyətinin həllini prioritet istiqamət kimi seçdiyini bildirib.

“Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin sərəncamına uyğun olaraq Laçın dəhlizindəki məhdudiyyətlərin aradan qaldırılmasına qətiyyətlə inanır və Ağdam yolu ilə tədarükün çatıdırılmasını əsas ehtiyacların təmin edilməsi istiqamətində konkret və davamlı həllin bir hissəsi ola biləcəyini qeyd edir”, bəyanatda vurğulanıb.

Şarl Mişel həmçinin rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında dialoqa başlanılmasının vacibliyini vurğulayıb.

Forum

XS
SM
MD
LG