Accessibility links

Zahid Oruc: Keçmiş Baş porkuror və hərbi prokuror xalqdan üzr istəməlidir


Zahid Oruc, (Fotonu Zahid Orucun özü təqdim edib)
Zahid Oruc, (Fotonu Zahid Orucun özü təqdim edib)

“Keçmiş Baş prokuror Zakir Qaralov və hərbi prokuror Xanlar Vəliyev Ali Baş Komandandan, xalqdan, ordumuzdan və işgəncə qurbanlarından üzr istəməlidir.”

Bu barədə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “Tərtər işi” kimi tanınan cinayət işi üzrə danışarkən deyib.

O, işgəncə qurbanlarının yaxınlarının çoxsaylı aksiyalarına işarə edərək deyib ki, hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı.

“Lakin sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir” o qeyd edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanılan bəzi şəxslərin dindirilmə zamanı işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərinə rəsmi olmayan məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Son illərdə 'Tərtər işi" ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq-mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib. Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildirib. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb", sənəddə deyilir.

Nəhayət, 2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev bildirib ki, "Tərtər işi"ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Baş Prokurorluq 16 dekabr 2021-ci ildə "Tərtər işi" üzrə istintaqın yenilənməsi barədə qərar qəbul edib. Bundan sonra aparılmış istintaqla həbsdə olan 19 nəfər azadlığa buraxılıb, onlardan 10 nəfərinə bəraət verilib, 405 nəfər zərərçəkən kimi tanınıb. Hazırda qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir.

Bununla yanaşı, son aylarda işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan Müdafiə Nazirliyinin bir sıra zabitləri həbs edilib.

Zahid Oruc bildirib ki, Hərbi Prokurorluğun “kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. Bu casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır.”

“O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar. Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək lazımdır. Zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir. Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəyanət ssenarisi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək,” komitə sədri qeyd edib.

Keçmiş Baş prokuror Zahid Qaralovdan və Hərbi prokuror Xanlar Vəliyevdən onlara qarşı tənqidi çıxışa münasibət öyrənmək mümkün olmayıb.

Müdafiə Xətti hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov hesab edir ki, ağır işgəncələr dövlət rəhbərlərinin gözü qarşısında baş verib. Bu barədə mətbuat və hüquq müdafiəçiləri mütəmadi olaraq məlumatlar yayaraq dövlət rəhbərlərini xəbərdar edib.

“Amma, beş il ərzində amansız işgəncələrə dövlət və hökumət rəhbərləri, məsul şəxslər hər hansı reaksiya verməyib”.

Onun fikrincə, indiki siyasi qərarlar ölkədə hüquq-mühafizə, məhkəmə sistemində ədaləti bərpa etməyəcək.

“Əsas odur ki, prokurorluğun, istintaqın, məhkəmələrin müstəqilliyi təmin olunsun. Konstitusiyaya görə, bu təminatı dövlət başçısı verməlidir. Təəssüflə qeyd edirəm ki, Azərbaycanda prokurorluq, istintaq, məhkəmə sistemi siyasi hakimiyyətin davamı olan “hüquqi alət” kimi diqqəti cəlb edir və bu siyasət repressiv münasibətdə xüsusi çəkiyə malikdir. Bu aradan qalxmayınca formal olaraq qanunvericilikdə dəyişkliklər edilməsi, bir dövlət institutunun ləğv edilməsi, digərinin yaradılması problemi həll etməyəcək”, hüquq müdafiəçisi Amerikanın Səsinə deyib.

Mövzuya uyğun

XS
SM
MD
LG