Accessibility links

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı “Tərtər işi” üzrə işgəncələrin araşdırılmasını tələb edir


"Tərtər işi" çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.

Bu barədə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının 13 aprel tarixli bəyanatında deyilir.

2017-ci ilin mayında Azərbaycan Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilib ki, Ermənistan kəşfiyyatına casusluq edən bir qrup hərbçi və mülki şəxs aşkar edilib. Hakimiyyət Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə dövlətə xəyanət üzrə cinayət işi açıb və xüsusi istintaq qrupu yaradıb. Tərtər rayonunda həbslər aparılıb.

İlk iki gün ərzində, 2017-ci il mayın 7-8-də kütləvi informasiya vasitələri bir gündə 47 nəfərin həbs olunduğunu bildirib, lakin onların adlarını açıqlamayıb. Mayın 8-dən sonra kütləvi informasiya vasitələrində reportajlar kəsilib, lakin insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı qeyri-rəsmi məlumatlar yayılıb.

Sülh və Demokratiya İnstitutu qeyri-hökumət təşkilatının məlumatına görə, 274-cü maddə ilə həbs olunanların vəkillərə çıxış imkanı olmayıb və məhkəmənin qərarı olmadan həbsxanaya salınıblar. Kütləvi informasiya vasitələri redaktorlarının Baş Prokurorluğa çağırılması, onlara "dövlət sirri"nin yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilməsilə bağlı hallar da olub.

Hazırda saxlanılan və 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilən 78 nəfər var. Saxlanılanlar işgəncəyə məruz qalıblar, bu işgəncələrdən 11 təsdiqlənmiş ölüm halı var. Saxlanılanları dövlət sirri ilə bağlı ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Həlak olanların ailələri bildirir ki, onların meyitləri ailələrə heç də həmişə verilməyib və bu digər səbəblərlə izah olunub.

2019-cu ildə bu pozuntuları araşdırmağa çalışan hüquq müdafiəçisi Oqtay Gülalıyev Bakının mərkəzində avtomobillə vurulub. Klinikada hüquq müdafiəçisinə 17 saat ərzində heç bir tibbi yardım göstərilməyib. Nəticədə Oqtay Gülalıyev hələ də komadadır.

"Tərtər işi" üzrə həbs olunanların və həlak olanların ümumi sayı hələ də məlum deyil. İşin özü məxfiləşdirilib.

"Biz bu dəhşətli hərəkətlər fonunda Azərbaycan hökumətinin və bu ciddi insan hüquqları pozuntularını törətmiş hüquq-mühafizə orqanlarının hərəkətlərini qətiyyətlə pisləyirik. Biz Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb edirik: Dərhal işgəncələr və məhbusların ölümü araşdırılsın, günahkarlar məsuliyyətə cəlb edilsin. Qurbanlara reabilitasiya, yardım təmin edilsin, onlara və ailələrinə dəyən zərəri ödənilsin, cəsədlərin əldə edilməsinə imkan yaradılsın. Bu iş üzrə həbs edilmiş şəxslərin yerləşdiyi yer və sayı açıqlansın. İşgəncə praktikasına son qoyulsun və onların Azərbaycanda aradan qaldırılması üçün tədbirlər görülsün," bəyanatda deyilir.

Sənəddə "Tərtər işi" üzrə işgəncələrdən həlak olanların adları sadalanır:

1. Mehman Hüseynov - mayın 7-də saxlanılıb, cəsəd 16 may 2017-ci ildə dəfn edilib;

2. Səxavət Bünyadov - mayın 7-də saxlanılıb, cəsəd 17 may 2017-ci ildə dəfn edilib;

3. Saleh Qafarov - mayın 4-də saxlanılıb, cəsəd 14 may 2017-ci ildə dəfn edilib;

4. Elçin Quliyev - mayın 11-də saxlanılıb, cəsəd 18 may 2017-ci ildə dəfn edilib;

5. Təmkin Nizamioğlu-mayın 12-də saxlanılıb, cəsəd 21 may 2017-ci ildə dəfn edilib;

6. Dayandur Əzizli - mayın 12-də həbs edilib, cəsəd 20 iyul 2017-ci ildə dəfn edilib;

7. Süleyman Kazımov - mayın 4-də saxlanılıb, cəsəd 7 may 2017-ci ildə dəfn edilib;

8. Elxan Ağazadə -mayın 1-də saxlanılıb, cəsəd 10 may 2017-ci ildə dəfn edilib;

9. Elçin Mirzəliyev - mayın 7-də saxlanılıb, cəsəd 25 may 2017-ci ildə dəfn edilib.

10. Ruslan Ocaqverdiyev -16 may 2017-ci il səhər saxlanılıb, cəsəd həmin gün axşam ailəsinə təhvil verilib.

11. Adil Sabirli - 5 may 2017-ci il tarixində ölücəyədək döyülüb.

Azərbaycan hüquq mühafizə orqanları “Tərtər işi” ilə bağlı həbs olunanlar, onların sayı barədə hələ geniş və hərtərəfli açıqlama verməyib. İstintaqa qədər və istintaq zamanı həyatını itirmiş bir neçə şəxsə bəraət verilib. Eyni zamanda Azərbaycan rəsmiləri tənqidləri qəbul etmir, ölkədə insanların qanun qarşısında bərabər olduğunu, işgəncələrə məruz qoyulmadığını bəyan edir.

Bununla yanaşı, son bir neçə il ərzində bu cinayət işi üzrə işgəncələrə məruz qalaraq öldüyü bildirilən insanların ailə üzvləri dəfələrlə işgəncə faktları ilə bağlı toplantılar və etiraz aksiyaları keçirib. Həmin ailələr və hüquq müdafiə təşkilatları insanların döyülərək, ağır işgəncələrə məruz qoyularaq öldürülməsi ilə bağlı faktlara hüquqi qiymət verilməsini tələb edir.

XS
SM
MD
LG