Accessibility links

“Tərtər işi” üzrə 19 nəfər azadlığa buraxılıb, onlardan 10 nəfərə bəraət verilib


"Tərtər işi" üzrə həbs olunanların qohumlarının aksiyası (Arxiv foto, mənbə VOA)
"Tərtər işi" üzrə həbs olunanların qohumlarının aksiyası (Arxiv foto, mənbə VOA)

"Tərtər işi" ilə bağlı həbsdə olan 19 nəfər azadlığa buraxılıb, onlardan 10 nəfərə bəraət verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir ki, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Ali Məhkəməsinin Plenumunda yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

“Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılıb və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla, o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıb. Eyni zamanda istintaqla mərhum Mehman Hüseynov və Elxan Ağazadə ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib”, məlumatda qeyd edilir.

Baş Prokurorluq bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.

“Bu zaman onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir", məlumatda qeyd edilib.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirib ki, Baş Prokurorluğun təkrar istintaqının yekunlarına əsasən azadlığa buraxılan “Tərtər işi” üzrə 19 fiqurantın hamısına Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) üzrə bəraət verilib.

“Eyni zamanda 10 nəfər bəraətedici əsaslarla azadlığa buraxılıb. Bununla yanaşı, onlardan 9-nun barəsində hərbi xidmət əleyhinə cinayətlərə dair digər ittihamlar olub. Bu ittihamlar da onlardan “zaman aşımı”nın başa çatmasına görə və ya “dəyişmiş hallar” ilə əlaqədar götürülüb,” o qeyd edib.

2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbçi istintaqa cəlb olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İçlər Nazirliyi birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğunu iddia edirdilər. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində həyatını itirib.

Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib. Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Son vaxtlar işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan zabitlər həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG