Accessibility links

Həbsdə olan hüquq müdafiəçisinə qarşı xüsusi ittiham qaydasında yeni məhkəmə başlayır


İlham Aslanoğlu (Arxiv foto)
İlham Aslanoğlu (Arxiv foto)

Sentyabrın 3-də Mingəçevir şəhər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İlham Aslanoğluna qarşı xüsusi ittiham qaydasında cinayət işi üzrə yeni məhkəmə baxışı olacaq. Bu, hüquq müdafiəçisinə qarşı xüsusi ittiham qaydasında üçüncü cinayət işidir.

Bu barədə Amerikanın Səsinə "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.

"Adı "Tərtər işi" üzrə işgəncələr tətbiq etməkdə hallanan, 2020-ci ilin noyabrında minaya düşərək həlak olan Babək Səmidlinin atası Mətləb Səmidli İlham Aslanoğluya qarşı xüsusi ittiham qaydasında şikayət verib. Guya hüquq müdafəçisi İlham Aslanoğlu 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini olmuş Babək Səmidlini təhqir edib, ona böhtan atıb. Görünən budur ki, hökumət İlham Aslanoğlunu həbsdən buraxmaq fikrində deyil. Qarşıdakı günlərdə növbəti saxta ittiham hökmünün çıxarılacağı gözlənilir" , Səfərov oktyabrın 1-də Aslanoğlunun Yevlax rayonunda evində onun ailə üzvləri ilə görüşündən sonra bildirib.

Aslanoğlu "Tərtər işi" üzrə işgəncə faktlarını fəal şəkildə ictimailəşdirməklə tanınıb.

Bu il iyunun 9-da Yevlax rayon Məhkəməsi hakim Toğrul Əliyevin sədrliyi ilə Aslanoğlunu (Təhməzov) 6 ay həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub.

Aslanoğlu Yeganə Ələkbərova adlı şəxsin aprelin 22-də xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında həbs edilib.

Hüquq müdafiəçisi ittihamı qəbul etməyib və həbsinin hüquq-müdafiə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Yeganə Ələkbərova AzerFreedom TV internet kanalındakı canlı yayım zamanı təhqir edildiyini hesab edib və xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Aslanoğlu "Tərtər işi" kimi tanınan çoxsaylı hərbçilərin işgəncələrə məruz qaldığı, ondan çox hərbçinin ibtidai istintaqa qədər və istintaq dövründə işgəncə nəticəsində öldürüldüyü iddia edilən cinayət işi üzrə ictimai təhqiqat aparmaqla diqqətə gəlib. O, mediada bu barədəki çıxışlarından sonra bu il artıq iki dəfə həbsə məruz qalıb.

Belə ki, yanvarın 28-də Yevlax rayon Məhkəməsi Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddəsi ilə Aslanoğlunu təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.

Bundan sonra martın 5-də Şəki Apellyasiya Məhkəməsi Aslanoğlunun böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını ləğv edib və həbsdən azad edib. Aslanoğlu həbsdən buraxıldıqdan sonra da "Tərtər işi" ilə bağlı tənqidi çıxışlarını davam etdirib və yenidən həbs edilib.

"Tərtər işi" barədə qısa məlumat

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanılan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərinə rəsmi olmayan məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Son illərdə 'Tərtər işi" ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq-mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.

Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

AŞPA: İşgəncələr nəticəsində 11 nəfər ölüb

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildirib. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb" , sənəddə deyilir.

Nəhayət, 2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev bildirib ki, "Tərtər işi"ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

İstintaq yenilənib

Baş Prokurorluq 16 dekabr 2021-ci ildə "Tərtər işi" üzrə istintaqın yenilənməsi barədə qərar qəbul edib. Bundan sonra aparılmış istinatqla müəyyən edilib ki, daha 288 nəfərə qarşı qanunsuz hərəkətlər törədilib və onlar zərərçəkmiş hesab ediliblər. Beləliklə, zərərçəkmişlərin ümumi sayı 405-ə çatıb.

İstintaq yeniləndən sonra həbsdə olan və istintaqa qədər, istintaq dövründə öldürüldüyü iddia edilən bir çox insanlara bəraət verilib. Çoxsaylı məsul şəxs isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Yenilənmiş istintaq üzrə araşdırmalar davam etdirilir.

Mövzuya uyğun

XS
SM
MD
LG