Accessibility links

Apellyasiya Məhkəməsi hüquq müdafiəçisini azadlığa buraxıb


İlham Aslanoglu
İlham Aslanoglu

Hüquq müdafiəçisi İlham Aslanoğlu (Təhməzov) vaxtından əvvəl həbsdən azadlığa buraxılıb. Bu qərarı martın 5-də Şəki Apellyasiya Məhkəməsi çıxararaq Aslanoğlunun böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib.

Bu barədə Amerikanın Səsinə İlham Aslanoğlunun özü məlumat verib.

Aslanoğlu “Tərtər işi” üzrə hərbçilərə və mülkü şəxslərə qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirməklə tanınıb.

Yanvarın 28-də Yevlax rayon Məhkəməsi İlham Aslanoğlunu 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilərək beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.

İş üzrə xüsusi ittihamçı 44 günlük müharibədə həlak olan Vasif Quliyevin atası Tahir Quliyev olub.

Onun iddiasına görə, İlham Aslanoğlunun sosial şəbəkələrdə 2017-ci ildə “Tərtər işi” üzrə istintaq zamanı işgəncə ilə öldürülən baş leytenant Adil Sabirlinin ölümündə Vasif Quliyevin əli olması barədə bəyanatı səbəb olub. Apellyasiya instansiyasında xüsusi ittihamçı şikayətini geri götürüb.

İlham Aslanoğlu bildirib ki, o, insan hüquqları sahəsində fəaliyyətini davam etdirəcək.

Öz növbəsində, Şəki Apellyasiya Məhkəməsindən və Tahir Quliyevdən şərh almaq mümkün olmayıb.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayıb. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.

Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.

Nəhayət, 2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Baş Prokurorluq isə 16 dekabr 2021-ci ildə cinayət işli üzrə icraatı təzələyib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, cinayət işi üzrə icraat təzələndikdən sonra prokurorluq Azərbaycan Müdafiə Nazirliyinin bəzi hərbi qulluqçularının qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində bir qrup hərbi qulluqçunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.

“İstintaq hərəkətləri zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.”

Mətbuat Xidməti bildirir ki, cinayət işləri üzrə icraat təzələnəndən sonra işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.

“Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkən kimi tanınan şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılan, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunan şəxslərlə bağlı prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya qaytarılması üçün Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG