Accessibility links

“Tərtər işi”nin ictimai təhqiqatını aparan hüquq müdafiəçisi ikinci dəfə həbs edilib


İlham Aslanoglu
İlham Aslanoglu

İyunun 9-da Yevlax rayon Məhkəməsi hakim Toğrul Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Hüquqşünas və ictimai fəal İlham Aslanoğlunu (Təhməzov) 6 ay həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub.

Bu barədə ictimai fəalın vəkili Hüseyn Abbasov Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:03:22 0:00

Aslanoğlu “Tərtər işi” üzrə hərbçilərə və mülki şəxslərə qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirməklə tanınıb.

Vəkilin sözlərinə görə, Aslanoğlu Yeganə Ələkbərova adlı şəxsin aprelin 22-də xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasənda həbs edilib.

“Xüsusi ittham üzrə məhkəmə mayın 10-da başladı və 4 məhkəmə iclası oldu. Məhkəmədə Aslanoğlunun və mənim heç bir vəsatətim təmin edilmədi. İlham Aslanoğlu birmənalı şəkildə ittihamı qəbul etmir.”

Vəkilin sözlərinə görə, Yeganə Ələkbərova AzerFreedom TV internet kanalındakı canlı yayım zamanı təhqir edildiyini hesab edib və xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

“Qurban Məmmədovun rəhbərlik etdiyi həmin internet televiziya kanalında canlı efirdə çıxışlarda Yeganə Ələkbərova haqqında da fikirlər bildirilib. Həmin qadın məhkəməyə müraciətində bildirib ki, onu təhqir ediblər. Biz konkret olaraq İlham müəllimin çıxışında təhqir olmadığını məhkəmənin diqqətinə çatdırdıq. Buna baxmayaraq linqvistik ekpertiza rəy verdi ki, həm Qurban Məmmədov, həm də İlham Aslanoğlu tərəfindən təhqirə yol verilib. Biz ekspert rəyi ilə razılaşmadıq, təkrar ekspertiza ilə bağlı vəsatətlər verdik, məhkəmə təmin etmədi,” vəkil qeyd edib.

Vəkil məhkəmə hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib.

Aslanoğlu “Tərtər işi” kimi tanınan çoxsaylı hərbçilərin işgəncələrə məruz qaldığı, ondan çox hərbçinin ibtidai istintaqa qədər və istintaq dövründə işgəncə nəticəsində öldürüldüyü iddia edilən cinayət işi üzrə ictimai təhqiqat aparmaqla tanınıb. O, mediada bu barədəki çıxışlarından sonra bu il artıq ikinci dəfədir həbsə məruz qalıb.

Belə ki, yanvarın 28-də Yevlax rayon Məhkəməsi Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddə ilə Aslanoğlunu təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.

Bundan sonra martın 5-də Şəki Apellyasiya Məhkəməsi Aslanoğlunun böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını ləğv edib və həbsdən azad edib. Aslanoğlu həbsdən buraxıldıqdan sonra da “Tərtər işi” ilə bağlı tənqidi çıxışlarını davam etdirib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Aslanoğlunun həbsi Azərbaycanda özünü ifadə etmək azadlığına qarşı siyasi sifarişli bir məhkəmə qərarıdır.

“İlham Aslanoğlu “Tərtər işi” üzrə prinsipial ictimai araşdrıma apardığına görə son aylar ərzində ikinci dəfə hakimiyyətin qəzəbinə tuş gəlib. İlham Aslanoğlu vicdan məhbusudur,” o qeyd edib.

Yevlax rayon Məhkəməsindən ictimai fəalın həbsi ilə bağlı məhkəmə qərarı barədə məlumat almaq mümkün olmayıb. Bununla yanaşı, məhkəmələr məhkəmə hökmü ilə bağlı şərh vermir. Çünki, narazı tərəf yuxarı məhkəmə instansiyasına şikayət vermək hüququna malikdir.

AzerFreedom TV internet kanalı hazırda Londonda mühacirətdə olan keçmiş vəkil Qurban Məmmədov tərəfindən təsis edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG