Accessibility links

"Tərtər işi" üzrə 11 nəfər barəsində məhkəmənin qərarı ləğv olunub


"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər. (arxiv foto, mənbə VOA)
"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər. (arxiv foto, mənbə VOA)

Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsində "Tərtər işi" üzrə 11 nəfər barəsində birinci instansiya məhkəməsinin hökmü ləğv olunub

Bu barədə Amerikanın Səsinə vəkil Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda cinayət işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Bununla yanaşı, vəkillərin təqsirləndirilən şəxslərin ev dustalığına buraxılması barədə vəsatətləri təmin olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilən 19 nəfərin işinə baxılıb və Apellyasiya Məhkəməsinə qaytarılıb.

"Tərtər işi" barədə qısa məlumat

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanılan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərinə rəsmi olmayan məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Son illərdə 'Tərtər işi" ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq-mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib. Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

AŞPA: İşgəncələr nəticəsində 11 nəfər ölüb

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildirib. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb" , sənəddə deyilir.

Nəhayət, 2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev bildirib ki, "Tərtər işi"ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

İstintaq yenilənib

Baş Prokurorluq 16 dekabr 2021-ci ildə "Tərtər işi" üzrə istintaqın yenilənməsi barədə qərar qəbul edib. Bundan sonra aparılmış istinatqla müəyyən edilib ki, daha 288 nəfərə qarşı qanunsuz hərəkətlər törədilib və onlar zərərçəkmiş hesab ediliblər. Beləliklə, zərərçəkmişlərin ümumi sayı 405-ə çatıb.

İstintaq yeniləndən sonra həbsdə olan və istintaqa qədər, istintaq dövründə öldürüldüyü iddia edilən bir çox insanlara bəraət verilib. Çoxsaylı məsul şəxs isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Yenilənmiş istintaq üzrə araşdırmalar davam etdirilir.

XS
SM
MD
LG