Accessibility links

“Tərtər işi” ilə bağlı etirazlar və baş prokurorun “əsassız hay-küy” cavabı


Baş prokuror Kamran Əliyev son günlər "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları "əsassız hay-küy" hesab edir.

Kamran Əliyev jurnalistlərin sosial şəbəkələrdə "Tərtər işi" ilə bağlı istintaqın qeyri-obyektiv aparılması haqqında yayılan məlumatlar barədə sualına cavabda bildirib ki, "Tərtər işi” ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb.

"Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurdur," baş prokuror qeyd edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər Nazirlikləri birgə bəyanat yayaraq, hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupun Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edildiyini bildirib.

Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə və məntəqələrinə qarşı genişmiqyaslı təxribat aksiyası hazırlayıb.

2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.

Bununla yanaşı, müstəqil insan hüquqları təşklatı kimi qəbul edilən Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin "2017-ci ilin Tərtər hadisələri: xəyanət, yoxsa həqiqətin ictimaiyyətdən gizlədilməsi. Reallıqlar və uydurmalar" adlı hesabatında deyilir ki, 2017-ci ilin mayında Tərtər rayonunda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kütləvi həbslər zamanı minə yaxın hərbçi saxlanılıb və dindirilib.

“200 nəfərə qarşı cinayət işi başlanılıb. Cəbhəyanı məntəqələrin sakinləri olan mülki şəxslərə qarşı da müəyyən cinayət işlər açılıb", hesabatda qeyd edilir.

Sənəddə bildirilir ki, azı 10 hərbçi işgəncələrdən ölüb, onlardan 5 nəfəri ölümündən sonra bəraət alıb.

Hesabat müəlliflərinə əsasən, hazırda azı 25 nəfər həbsdədir. Onlar dövlətə xəyanət və digər ittihamlarla 7 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hüquq-müdafiə təşkilatı bildirir ki, saxlanılanları hərbi qərargahın keçmiş binasında toplayaraq işgəncə veriblər.

"İşgəncəlr nəticəsində ölənlərin meyitlərini ailələrə verməyiblər, özləri dəfn ediblər. Dəfn mərasimlərinə çoxlu sayda polis cəlb olunub", sənəddə deyilir.

Xatırladılır ki, daha sonra 101 hərbçi zərərçəkmiş kimi tanınıb, Müdafiə Nazirliyinin 16 əməkdaşı işgəncələrə görə həbs edilib.

"10 hərbçinin ölümündə və işgəncə verilməsində təqsirli bilinən 9 nəfər cəmi 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, altı nəfər 6 il, bir nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edilib", hesabatda qeyd edilib.

Hesabatda işgəncələrin baş verdiyi hərbi hissədə birləşmə komandiri və digər məsul şəxslərin həbs olunmadığı və işdən kənarlaşdırılmadığı göstərilir.

Bununla yanaşı, Azərbaycan hüquq-mühafizə orqanları işgəncə faktları barədə məlumatları qəbul etmir. Hətta tutulma və istintaq dövründə ölən 5 hərbçiyə sonradan məhkəmələr tərəfindən bəraət verilməsinə baxmayaraq, bu il aprelin 16-da hərbi prokuror Xanlar Vəliyev işgəncələrlə bağlı deyilənləri qəbul etmədiyini bildirib.

“Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir,” o qeyd edib.

Bununla yanaşı, “Tərtər işi” ilə bağlı istintaqa cəlb edilən insanların ailə üzvləri dəfələrlə işgəncə faktları, övladalrının günahsız olduğu üçün bəraət verilməsi, işgəncə faktları ilə bağlı istintağın yenidən aparılması tələbi ilə çoxsaylı etiraz aksiyaları keçirib, dinləmələr təşkil edib.

Bu işlə bağlı məsələ bu il yenidən çoxsaylı sosial şəbəkə iştirakçılarının, ekspertlərin müzakirə mövzusuna çevrilib. Müzakirələrdə iştirak edənlər yüksək vəzifəli hərbi rəhbərlərin və həmçinin istintaqı aparan orqanın rəhbərlərinin günahkar olduğunu diqqətə çatdırır.

XS
SM
MD
LG