Accessibility links

"İşgəncə halları araşdırılsın, siyasi məhbuslar azad edilsin"


Siyasi Məhbusların Müdafiə Mərkəzi həbs yerlərində durumla bağlı hesabatını təqdim edir
Siyasi Məhbusların Müdafiə Mərkəzi həbs yerlərində durumla bağlı hesabatını təqdim edir

“Respublika Baş Prokurorluğu başda olmaqla aidiyyatı qurumlar insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalıdır. Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) yol verilmiş qanunsuzluqların aradan qaldırılmasını, mühakimələrin və məhkəmələrin ədalətli aparılmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.”

Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin son həbslər və işgəncələrlə bağlı aprelin 17-də yaydığı bəyanatında deyilir.

SMMM bildirir ki, son vaxtlar hakimiyyətin repressiv siyasətinin davamı olaraq ictimai-siyasi fəalların şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması halları genişlənməkdədir.

Siyasi məhbuslar-foto 07.02.2019-cu ildə lentə alınıb
Siyasi məhbuslar-foto 07.02.2019-cu ildə lentə alınıb

“Bir tərəfdən “məhkəmə-hüquq sistemində dərinləşmə islahatları”nın aparılmasından bəhs edilir, digər tərəfdən əməli olaraq əks hərəkətlər təkrarlanır. 10 iyul 2018- ci il Gəncə hadisələri və Tərtərdə hərbiçilərlə bağlı açılmış cinayət işlərində yol verilmiş qanunsuzluq və işgəncə halları, ictimai fəallara qarşı aparılan repressiyalar ictimaiyyətin haqlı narazılığına səbəb olur,” sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, son bir ayda onlarla ictimai fəal- “heykəl məhbusu” Bayram Məmmədov, Tofiq Məmmədov, Qaraçuxur sakini Ruslan Cumayev, Aqil Hümbətov, AXCP üzvləri- Nicat Abdullazadə, Nicat Nizamov, Yalçın Abdullayev, Paşa Umudov, Saqif Qurbanov və digərləri inzibati qaydada qanunsuz həbslərə məruz qalıb, ictimai fəallar-Qiyas İbrahimov, Gülnarə Rahimova, Fatimə Mövlamlı, jurnalist Sevinc Sadıqova dəfələrlə əsassız olaraq saxlanılaraq polis bölmələrinə aparılıb.

“Bir tərəfdən “məhkəmə-hüquq sistemində dərinləşmə islahatları”nın aparılmasından bəhs edilir, digər tərəfdən əməli olaraq əks hərəkətlər təkrarlanır.
Bəyanatdan sitat

SMMM-nin üzvlərinin Gəncədə baş vermiş məlum hadisələrlə bağlı Sabunçu rayon Məhkəməsində iştirakı və digər apardıqları araşdırmalar zamanı məlum olub ki, hadisələr zamanı həbs olunmuş şəxslər birmənalı şəkildə ən ağır işgəncələrə və qeyri-insani münasibətə məruz qalıb.

“Təəssüflə qeyd olunmalıdır ki, 2017- ci ildə Tərtərdə bir qrup hərbiçinin məmmalı qətli və kütləvi həbsi ilə nəticələnən hadisələrlə bağlı keçirilən məhkəmə prosesi də çoxsaylı qanun pozuntuları ilə müşayət olunur. Qapalı keçirilən həmin məhkəmə proseslərində də işgəncə nəticəsində alınmış ifadələr əsas götürülür, ittiham tərəfindən məhkəməyə ciddi dəlil və sübutlar təqdim olunmur. Hərbiçilərin məruz qaldığı dəhşətli və amansız işgəncələrin araşdırılması istiqamətində heç bir addım atılmır,” bəyanatda qeyd edilir.

"Gəncə işi" barədə

Martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb. Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluğ bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanalrı baş verənləri terror hesab edir və iddia edirlər ki, Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Yunis Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.

"Tərtər işi" barədə

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, müdafiə və daxili işlər nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub. Tutulanlar dövlətə xəyanətdə günahlandırılır.

Öz növbəsində, rəsmi Bakı ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəsmiləri işgəncələrlə bağlı tənqidləri qəbul etmir, qərəzli sayır.

XS
SM
MD
LG