Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi: Vaşinqton danışıqlarında əlavə tərəqqiyə nail olunub


Ceyhun Bayramov, Antoni Blinken və Ararat Mirzoyan (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov, Antoni Blinken və Ararat Mirzoyan (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

27-29 iyunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, nazirlər və onların heyətləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.

“Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib”, məlumatda qeyd edilir.

Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.

Eyni məzmunlu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi də yayıb.

Öz növbəsində ABŞ Dövlət katibi Antoni Blinken danışıqlatın yekunu ilə bağlı deyib ki, “ümumi razılığa gəlmək məqsədilə müxtəlif məsələlər üzrə əlavə razılıqlar və bu görüşlər vasitəsilə əldə etdiyimiz momentumdan istifadə etmək üçün” bu prosesi növbəti həftələr və aylarda davam etdirməyi səbirsizliklə gözləyir.

“Düşünürəm ki, hər kəs yaxşı bilir ki, bəzi hallarda razılığa nə qədər çox yaxınlaşsanız, bu, bir o qədər çətinləşir, çünki adətən ən çətin məsələlər sona qalır,” dövlət katibi Blinken qeyd edib.

ABŞ-da Azərbaycan və Ermənistan arasında danışıqların birinci raundu mayın 1-dən 4-dək keçirilib.

Mövzuya uyğun

XS
SM
MD
LG