Accessibility links

Rusiya baş nazirinin müavini: Regionda nəqliyyat əlaqələrinin açılması dəmir yolunun bərpası ilə başlayacaq


Aleksey Overçuk (Mənbə: Rusiya hökumətinin rəsmi internet saytı)
Aleksey Overçuk (Mənbə: Rusiya hökumətinin rəsmi internet saytı)

Regionda nəqliyyat əlaqələrinin açılması Yerasx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu ilə keçəcək dəmir yolunun bərpa edilməsi ilə başlayacaq.

Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Biz üçtərəfli işçi qrup formatında Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazir müavinlərinin görüşünü keçirdik. Nəticədə kompleks sənəd tərtib edildi. Sənəddə qeyd edilir ki, regionda nəqliyyat əlaqələrinin açılması Yerasx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu ilə keçəcək dəmir yolunun bərpası ilə başlayacaq. Tərəflərin suverenliyinə hörmətdən irəli gələrək, sənəddə Azərbaycan və Ermənistan arasında sərhədin keçilməsi qaydasına yanaşmanın əsasları müəyyən edilir. Heç bir tərəf bu yolun ayrı-ayrı hissələrinin ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacağına şübhə etmir. Beləliklə, bu yolla bağlı Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq ediləcək", Overçuk TASS agentliyinə müsahibəsində bildirib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün alternativi yoxdur "və sülhə nail olmağın ən yaxşı yolu insanlar üçün dinc şəkildə əməkdaşlıq etmək, insanların və yüklərin keçəcəyi ortaq yol çəkmək imkanı yaratmaqdır, normal həyat, ticarət başlayacaq və tədricən köhnə incikliklər ikinci plana keçəcək".

"Ən böyük problem etimaddır. Məhz buna görə danışıqlar yavaş irəliləyir. Son nəticədə yoldan adi insanlar - azərbaycanlılar, ermənilər, digər ölkələrin vətəndaşları gedəcək. Onlar sərhədi keçərkən bir-biri ilə necə davranacaq, digər dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin ediləcək? Bu gün bu, əsas sualdır, biz bu suala elə cavab vermək istəyirik ki, digər ölkənin ərazisində bu insanların başına pis heç nə gəlməyəcəyindən əmin olaq. Və əlbəttə ki, biz hamımız hazırda sərhəddə baş verənlərin təsiri altındayıq. Atəşkəs olsa, həll tapmaq daha asan olardı", Overçuk bildirib.

Onun sözlərinə görə, sənədin layihəsi hazırlanıb və demək olar ki, razılaşdırılıb, "baxmayaraq ki, adi azərbaycanlıların və adi ermənilərin sərhədin adi keçilməsi zamanı bir-biri ilə necə davranacağı məsələsi üzərində hələ işləmək lazımdır".

Rusiya baş nazirinin müavini yolun nə zaman açılacağı haqqında suala belə cavab verib: "Hələlik heç kim bu suala müəyyən cavab verməyəcək. Razılıq əldə etdiyimiz və müvafiq sənədə imza atıldığımız zaman. Onda sovet dövründə mövcud olan və həm ermənilərin, həm də azərbaycanlıların istifadə etdiyi bu dəmir yolunun bərpasına başlamaq haqqında danışmaq olacaq”, Aleksey Overçuk bildirib.

Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə iyunun 2-də Moskvda keçirilən üçtərəfli İşçi Qrupunun iclasında Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində irəliləyiş əldə edilib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Yeraşx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

XS
SM
MD
LG