Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da danışıqları başlayır


"ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar üç gün (iyunun 29-dək) davam edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller iyunun 26-də keçirdiyi brifinqdə deyib.

"Biz danışıqların sabah, çərşənbə axşamı başlayacağını və bu həftənin cümə axşamına kimi davam edəcəyini gözləyirik. Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək və həftə ərzində daha ətraflı məlumat əldə edəcəyik. Əlbəttə, müzakirə etmək istədiyimiz bir sıra məsələlər var. Mən onları açıq şəkildə demək fikrində deyiləm. Onlar çox vacibdir. Burada həssas diplomatik müzakirələr aparılacaq. Biz sülhün əlçatan olduğuna inanırıq. Birbaşa dialoq, qalan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", o, Turan agentliyinin sualının cavabında bildirib.

Vaşinqton danışıqları Azərbaycan və Ermənistanın şərti sərhəd xəttində, həmçinin erməni icmasının yaşadığı Azərbaycanın suverenliyində olan ərazilərdə qarşılıqlı atışmaların baş verdiyi bir vaxta təsadüf edir.

Həmçinin iyunun 15-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhəd xəttində qarşılıqlı atışma olub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 15-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin məlumatında isə Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusunun Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Xakari (Həkəri) körpüsünə doğru irəliləməyə cəhd göstərdiyi və həyata keçirilən tədbirlər nəticəsində bunun qarşının alındığı deyilir.

Bundan sonra Azərbaycan tərəfinin Ermənistanı ermənilərin yaşadığı Xankəndi şəhəri ilə birləşdirən avtomobil yolunu bağladığı bildirilib. Bununla yanaşı son günlər avtomobil yolundan humanitar məqsədlər üçün istifadə edildiyi barədə videolar yayılıb.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olub.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, danışıqlar çox məhsuldar keçib və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq olub.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırır.

İyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Moskvada üçtərəfli İşçi Qrupunun iclası keçirilib.

Rusiya Baş nazirinin müavini görüşün yekunları ilə bağlı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

“Xüsusilə, Yeraşx (Arazdəyən)-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub” , o qeyd edib.

XS
SM
MD
LG