Müdafiə Komitəsi “Bəxtiyara məktublar” kampaniyasına başlayır

Bəxtiyar Hacıyev (Arxiv foto, mənbə VOA)

Həbsdə olan insam hüquqları müdafiəçisi Bəxtiyar Hacıyev 10 gündür aclıq aksiyasını davam etdirir.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib.

Səfərov Bəxtiyar Hacıyevin hüquqlarını ictimai müdafiə komitəsinin onu aclığı dayandırmağa çağırdığını bildirib.

“Hacıyev uzun müddətdir aclıq edir. Səhhətində ciddi problemlər yaranmaqdadır. Bizim çağırışlarımıza baxmayaraq Bəxtiyar aclığı davam etdirməkdə israrlıdır”, Səfərov qeyd edib.

O, müdafiə komitəsinin sosial şəbəkələrdə “#Bəxtiyarıazadet!” haştaqı ilə kampaniya başladığını bildirib. Bununla yanaşı,“Bəxtiyara məktublar!” kampaniyasına başlayacağını deyib.

“Hər gün Azərbaycan ictimaiyyəti, hüquq müdafiə təşkilatları, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatlar Bəxtiyara və Azərbaycan rəsmilərinə məktublar göndərib azadlıq tələb edəcəklər,” o qeyd edib.

Vəkili Aqil Layıc Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyevin səhhəti kritik dönəmdədir.

“Hacıyev saxlanma şəraiti ilə bağlı problem olmadığını deyib. Biz alternativ olaraq onun Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına keçirilməsini xahiş etmişik və aidiyyatı qurumlardan cavab gözləyirik”, o deyib.

Bundan əlavə hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, dekabrın 23-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bəxtiyar Hacıyevə baş çəkib.

Dekabrın 23-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının çağırışı ilə Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə aksiya keçirilib. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, aksiya zamanı 70-dən çox etirazçı saxlanılıb. Milli Şuranın funksioneri, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 30 sutka inzibati həbsə məhkum edilib.

Öz növbəsində polis saxlanılanların olmadığını bildirib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 10 gündür aksiyanı davam etdirir.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Appelyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib. Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq", Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.