Accessibility links

İctimai fəal Bəxtiyar Hacıyev 9 gündür aclıq aksiyasını davam etdirir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 9 gündür aclıq aksiyasını davam etdirir.

Bu barədə Amerikanın Səsinə onun vəkili Aqil Layıc bildirib.

Onun sözlərinə görə, Bəxtiyar Hacıyevin səhhəti kritik dönəmdədir.

“Hacıyev saxlanma şəraiti ilə bağlı problem olmadığını deyib. Biz alternativ olaraq onun Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına keçirilməsini xahiş etmişik və aidiyyatı qurumlardan cavab gözləyirik”, o deyib.

Bundan əlavə hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, dekabrın 23-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun (MPQ) üzvləri ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 9 gündür aksiyanı davam etdirir.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq", Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.

XS
SM
MD
LG